01 sentyabr 2016-cı il tarixində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kerol Meri Krofts və “British Council” təşkilatının Azərbaycan üzrə direktoru Elizabet Vaytı qəbul edib.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Fed.az-a verilən məlumata görə, görüşdə iki ölkə arasında mədəniyyət və turizm sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib, ölkələr arasında bu sahələrdə formalaşmış mövcud əlaqələrin daha da dərinləşdirilməsi vacibliyi vurğulanıb.
Nazir Əbülfəs Qarayev mədəniyyət sahəsində həyata keçirilmiş bir sıra layihələr və proqramlar haqqında məlumat verərək, bundan sonra da davamlı olaraq təcrübə mübadiləsinin həyata keçirilməsində maraqlı olduğunu bildirib. Həmçinin, “British Council” təşkilatının bu sahələr üzrə reallaşdırılmış layihələrini yüksək qiymətləndirərək, əməkdaşlığın davamlı olacağına və uğurlu nəticələrə yol açacağına inamını bildirib.
Nazir Bakı Prosesi və 2017-ci ildə keçiriləcək 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu barədə məlumat verərək, tədbirdə iştiraka dəvət edib.
Səfir Azərbaycanda olmaqdan böyük məmnunluğunu ifadə edərək deyib ki, ölkənin tarixi, mədəniyyəti, incəsənəti onda çox yüksək təəssüratlar yaradıb. Səmimi qəbula görə nazir Əbülfəs Qarayevə təşəkkürünü bildirən Səfir Azərbaycan ilə mədəniyyət və turizm sahələrində əməkdaşlığın bundan sonra da inkişafına inamını ifadə edib.