Yaxın gələcəkdə Bakıda hər il ticarət festivalları ("shopping festival") keçiriləcəkdir. Bu barədə Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında imzalanan Azərbaycan Respublikası Prezidentinin Sərəncamında bildirilir. Bu möhtəşəm prosesin həyata keçirilməsi isə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə həvalə edilmişdir.
Azərbaycan Respublikasında turizmin inkişaf etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə Respublikanın 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan müəyyən vəsait ayrılmışdır. Daha dəqiq desək, Bakı şəhərində ticarət festivalının (“shopping festival”) keçirilməsi üçün sözügedən ehtiyat fondundan 400,0 (dörd yüz) min manat vəsaitin ayrılması nəzərdə tutulur. Sərəncamda göstərilən sözügedən məbləğin maliyyələşməsini isə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi təmin edəcəkdir.
Qeyd edək ki, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə beynəlxalq təcrübədə geniş tətbiq olunan ticarət festivallarının (“shopping festival”) hər il keçirilməsini təmin etmək həvalə edilmişdir. Həmçinin Maliyyə Nazirliyi, Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə birlikdə ticarət festivallarında (“shopping festival”) pərakəndə satış zamanı müvafiq güzəştlərin və təşviqlərin, o cümlədən vergi güzəştlərinin verilməsinə dair təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməsi tapşırılmışdır.