Mərkəzi Seçki Komissiyası (MSK) Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı sentyabrın 26-da ümumxalq səsverməsinə çıxarılmış referendum aktı layihəsi üzrə səslərin hesablanmasının ilkin nəticələrini açıqlayıb.
Beləliklə, MSK-nin sədri Məzahir Pənahov bildirib ki, indiyə qədər 5627 seçki məntəqəsindən 3950 seçki məntəqəsi hesabat verib.
"26 sentyabr tarixində Azərbaycanda keçirilən referendumda ölkə prezidentinin səlahiyyət müddətinin uzadılması lehinə seçicilərin 91.2%-i səs verdi, vitse-prezidentlərlə bağlı maddələrin lehinə 89%-dən çox seçici səs verib" deyə MSK sədri Məzahir Pənahov mətbuat konfransında bildirib.
Deputat seçilmək üçün yaş məhdudiyyətinin aradan qaldırılması lehinə 88.3%, prezident seçilmək üçün yaş məhdudiyyətinin aradan qaldırılması lehinə isə 91% seçici səs verdi.
"Həmçinin Azərbaycan vətəndaşları ölkə prezidentinə parlamenti buraxmaq səlahiyyəti də verdi. Konstitusiyaya belə düzəlişin edilməsi lehinə 2.33 milyon seçici, yəni 87.4% səs verdi" deyə M. Pənahov bildirdi.
Ümumiyyətlə, Azərbaycanda keçirilən referendumda 69.7% seçici, yəni 3 671 707 nəfər insan səs verdi.