Son illər dövlət tərəfindən xüsusi güzəştlər verilmiş həyatın yaşam sığortası növündə əhəmiyyətli artım hiss olunmaqdadır.
FED.az Təhlil Qrupunun üzvü, sığorta bazarı üzrə tanınmış ekspert Aqşin Əlizadənin sözlərinə görə, təəssüf ki, dövlət tərəfindən həyat sığortasına verilmiş bu güzəştlər əslində həyat sığortası sahəsinin köklü inkişafına yönəldilmir. Belə ki, bu növ üzrə sığorta haqlarının toplandığı bankdan həmin sığorta haqlarının girov qoyulması müqabilində kredit götürülür. Sığortalılar dövlət tərəfindən verilmiş vergi və sosial müdafiə üzrə güzəşt faizlərinin əsas hissəsini kreditə ödəyir. Nəticədə, banklar risksiz kredit verərək yüksək gəlir əldə edir, sığortalılar isə qısa müddətdə özlərinə kiçik faiz həcmində gəlir götürürlər.
Ekspert bildirir ki, bu sxem gələcəkdə çox ağır nəticələrə səbəb ola bilər. Belə ki, birincisi sığorta haqları kreditin qarantiyası rolunda çıxış etsə də, sığorta haqlarının toplandığı bank müflis elan olunacağı halda həmin bankda yığılmış sığorta haqları sığortalıya qaytarılmaya da bilər. Lakin şəxs götürdüyü krediti faizləri ilə bərabər mütləq banka qaytarmalı olacaq.
İkincisi isə, bu sxemə əmək haqqı üzrə tam qoşulmuş şəxs qısa müddətdə gəlir əldə etsə də, gələcəkdə pensiya, analıq müavinəti və digər sosial təminatlarından kənarda qalacaq. Düzdür, vergi məcəlləsinə edilmiş son dəyişikliklər bu sxemə öz mənfi təsirini göstərdi. Lakin düşünürəm ki, sosial sığorta haqları ilə bağlı verilmiş güzəşt tamamilə aradan qaldırılmalıdır. Güzəşt yalnız vergi öhdəlikləri həddində saxlanılmalıdır. Bu halda qeyd edilən sxem aradan qalxa bilər.
A.Əliadə ölkədə həyat sığortasının inkişafı üçün kompleks tədbirləri həyata keçirilməsinin vacibliyini bildirib. O qeyd edib ki, trust fondların, trusterlər institutunun, yeni investisiya alətlərinin yaradılmasının və özəl pensiya fonlarının yaradılmasının dəstəklənməsi həyat sığportasını inkişafını daha da canlandırar.
"Yaşam sığortası"nın riskli tərəfləri də varmış - AQŞİN ƏLİZADƏ
11:28
27 Fev 2019