"Sığorta vasitəçilərilə (agent və brokerlərlə) bağlı yeni qanunvericilik layihəsi hazırlanıb, burada əsas yanaşma sığortanın əhatəliliyində vasitəçilərin rolunun artırılmasından ibarətdir".
Bu sözləri Azərbaycan Mərkəzi Bankının baş direktoru Vüsal Qurbanov FED.az biznes və maliyyə xəbərləri portalının suallarını cavablandırarkən deyib. Qeyd edək ki, ötən həftə Bakıda keçirilən 11-ci "Azərbaycan Beynəlxalq Sığorta Forumu"nda açıqlanan əsas yeniliklərdən biri Azərbaycanda sığorta agentlərinə münasibətin dəyişməsi, daha dəqiqi onlara qarşı indiyədək mövcud olan sərt tələblərin yumşaldılması oldu.
FED.az-a müsahibəsində AMB-nin baş direktoru yeniliyin detallarını açıqlayıb.
- Vüsal müəllim, sığorta agentləri ilə bağlı yeniliklər nədən ibarət olacaq?
- Sığorta agentləri, ümumiyyətlə vasitəçilərlə bağlı yeni qanunvericilik layihəsi hazırlanıb və orada əsas yanaşmalar sığorta vasitəçilərinin sığorta əhatəliliyində rolunun artırılmasından ibarətdir. Yəni sığorta vasitəçiləri kateqoriyalara bölünəcək. Həmin kateqoriyaya uyğun olaraq uyğun olaraq onların vəzifə və imkanlar, hüquqları, onların kvalifikasiya – yəni təhsil və peşəkarlıq səviyyəsinə baxılması öz əksini tapacaq. Həmçinin sığorta brokerlərinin fəaliyyəti ilə bağlı da yeni bir çərçivə formalaşdırılacaq. Qanunvericiliyə nəzərdə tutulan əsas yeniliklər bunlardır. Düşünürük ki, yeni qanunvericilik, sığorta vasitəçilərinin, ümumiyyətlə, əhalinin və biznesin sığorta ilə əhatələnməsində rolunun artmasına kömək edəcək.
- Sığorta agentləri fərdi qaydada fəaliyyət göstərmək istəyirsə, bu necə tənzimlənəcək? Onlar üçün hansısa xüsusi tələblər olacaqmı?
- Burada müxtəlif yanaşmalar var, hansı ki, indi hamısı müzakirə olunur. Təbii ki, sığorta agentlərinə yanaşmada onların kateqoriyasına uyğun olaraq yanaşmalar ediləcək. Yeni konsepsiyada həm sığorta agenti olmaq üçün imkanların genişləndirilməsi, bəlli bir kateqoriyada olan sığorta agentlərinin daha peşəkar olması tələbləri, eləcə də daha məsuliyyətli olması üçün yanaşmalar var.
Əsas məqsəd odur ki, vətəndaşlarla təmasda olan və sığortanı əhaliyə ilkin olaraq çatdıran sığorta vasitəçiləri, vətəndaşlara sığorta məhsulu barədə dolğun informasiya ötürə bilsinlər.
- Sığorta vasitəçilərinin peşəkarlığını artırmaq üçün hansı işlər görüləcək?
- Peşəkarlığın artırılması ilə bağlı bir neçə nüans nəzərdə tutulub.
Birincisi, sığorta şirkətləri artıq öz agentlərinin, yəni onlarla əməkdaşlıq edən agentlərin onların təhsil və bilik-bacarığının artırılması ilə bağlı öhdəlik daşıyacaqlar. Söhbət imtahan verilməsindən deyil, sığorta agentlərinin mütəmadi olaraq təkmilləşdirilməsi, təlimlərdən keçilməsi və sair addımlardan gedir. Bu məqsədlə Mərkəzi Bankın nəzarəti altında sığorta şirkətləri tərəfindən təlim proqramları tərtib olunacaq. Bu təlimlərin keçirilməsi və proqramın icrasına Mərkəzi Bank xüsusi nəzarət edəcək.
Sığorta şirkətləri bu təlim proqramları çərçivəsində öz əməkdaşları və agentlərinə təlim keçəcək və onları təkmilləşdirəcəklər. Yəni sığorta şirkətləri artıq maraqlı olacaqlar ki, sığorta agentləri təkmilləşsinlər, bilik-bacarıqları təkmilləşsin. Biz görürük ki, buna zərurət var.
- Vüsal müəllim, əvvəllər agentlər lisenziya əsasında fəaliyyət göstərirdi. İndi lisenziya olmadan da fəaliyyətə icazə veriləcək?
- Ümumiyyətlə, sığorta agentləri ilə bağlı yenilik odur ki, kateqoriyalar olacaq. Yəni bir neçə sığorta şirkətilə fəaliyyət göstərən agentlər də olacaq, yalnız bir şirkətə bağlı agentlər də. Sığorta şirkətinə bağlı agentlərə münasibətdə, müəyyən tələblərdə yumşalmalar olacaq. Artıq bu tələblər sığorta agentinə deyil, onun əməkdaşlıq etdiyi sığorta şirkətinə yönəldiləcək. Nəticədə sığorta şirkəti öz agentini təkmilləşdirəcək, onun lazımi keyfiyyətlərinə malik olmasına nəzarət edəcək. Agentlər sığortaçıları əhali və biznes subyektləri qarşısında necə təmsil edəcəyi də izləniləcək və təhlil ediləcək. Yəni, sığorta əhatəliliyinin artmasında rolu olan agentlər dəstəklənəcək.
















