Azərbaycan sığorta bazarının ən aktiv iştirakçısı olan “Qala Sığorta” 2018-ci ilin yanvar-iyul ayları üzrə əsas maliyyə göstəricilərini açıqlayıb.
Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətindən FED.az saytına verilən məlumata görə, operativ məlumatlar əsasında hazırlanmış hesabata əsasən bu ilin 7 ayında “Qala Sığorta” şirkəti tərəfindən 8 432 640 manat həcmində sığorta haqqı toplanılıb ki, bu da 2017-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 3 207 055 manat və ya 61,4% çox olub.
Hesabat dövründə yığımlarla yanaşı ödənişlərdə də kəskin artım müşahidə olunub. Belə ki, 2018-cilin ötən 7 ayı ərzində şirkət tərəfindən müxtəlif sığorta hadisələri üzrə 804 111 manat sığorta ödənişi verilib. Ötən ilin müvafiq dövründə isə bu göstərici 97 446 manat olub. Nəticədə, illik müqayisədə sığorta ödənişlərinin həcmi 706 665 manat və ya təxminən 8,3 dəfə artım olub.
Qeyd edək ki, verilən sığorta ödənişləri müvafiq qanunvericiliyin tələbinə uyğun olaraq operativ və vaxtında həyata keçirilib. Ümumiyyətlə, göstərilən xidmətlərdə şirkətin biznes strategiyasına əsaslanan müştəri məmnuniyyəti meyarı hər zaman yüksək dəyərləndirilərək pririotet hədəflər sırasında yer alır.
Xatırladaq ki, “Qala Sığorta” şirkəti 30 sentyabr 2015-ci il tarixindən fəaliyyət göstərir. Şirkətin yeganə səhmdarı “AzRe Təkrarsığorta” ASC-dir.
Şirkət müştərilərinə baş ofis və 9 regional nümayəndəlik vasitəsi ilə qanunvericiliklə nəzərdə tutulan qeyri-həyat sığorta sahəsinin 23 növü üzrə, o cümlədən 19 könüllü və 4 icbari sığorta məhsulları üzrə xidmətlər göstərir.
"Qala Sığorta"da sürətli inkişaf davam edir - HESABAT
10:12
21 Avq 2018