Azərbaycan Respublikası Mərzkəzi Bankı “Paşa Sığorta” şirkətinə vətəndaşın şikayəti ilə bağlı təqdim olunmuş müraciətə yenidən baxılmasına dair təqdimat məktubu göndərib.
FED.az xəbər verir ki, bu barədə Sığorta Hüquqpozmalarından Müdafiə Birliyi məlumat yayıb. Təqdimat məktubu AMB-nin sədrinin birinci müavini Alim Quliyev tərəfindən göndərilib.
Məktubda bildirilir: Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına (Palata) vətəndaş Əsgərov Seymur Tofiq oğlunun müraciəti daxil olmuşdur.
Bildiririk ki, Mülki Məcəllənin 925.3-cü maddəsinə görə sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır.
Eləcə də bax: "Paşa Sığorta" "Xaliq Faiqoğlu" - MƏHKƏMƏYƏ VERİB
Mülki Məcəllənin 927.2-ci maddəsinə görə zərərin miqdarı barədə tərəflər arasında razılıq əldə edildikdən sonra əmlak sığortası üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında bu Məcəllənin 927.4-cü maddəsi nəzərə alınmaqla, müəyyən edilmiş formalardan hər hansı birində həyata keçirilir (ödənilir).
Göstərilənləri nəzərə alaraq, vətəndaşın ərizəsində qeyd edilən məsələnin tənzimlənməsi ilə əlaqədar əmlaka dəymiş zərərin miqdarı barədə əldə olunmuş razılığın, razılıq əldə olunmadığı təqdirdə isə müstəqil ekspertizanın keçirilməsi və keçirilmiş ekspertizanın nəticəsi barədə məlumatın 5 iş günü müddətində Palataya və müraciət edən vətəndaşa təqdim edilməsi tələb olunur.
Qeyd edək ki, cari ilin iyun ayının 13-də torpaq sürüşməsi nəticəsində Horadiz şəhərində yerləşən Füzuli sakini məcburi köçkün Əsgərov Seymur Tofiq oğluna məxsus fərdi yaşayış evi qəzalı vəziyyətə düşmüşdür.
Vətəndaş “Paşa Sığorta” şirkətinin qaynar xəttinə sığorta hadisəsi ilə bağlı məlumat verib və dərhal şirkətin əməkdaşları hadisə yerinə baxış keçiriblər. Şirkətin əməkdaşları onunla əlaqə saxlayacaqlarınını bildiriblər. Lakin vətəndaş Əsgərov Seymur Tofiq oğlu bildirir ki, 2019-cu ilin uyun ayından indiyədək şirkət əməkdaşları onunla əlaqə saxlamayıb. O bununla bağlı “Paşa Sığorta” ASC-nin rəhbərliyinə şikayət də edib:
“Mən məcburi köçkün Əsgərov Seymur Tofiq oglu Füzuli rayonunun bir hissəsi işğal olunandan sonra, rayonun digər hissəsində alaçıqda (palatkada) yaşamışam. Sonradan Vitse-prezident Mehriban xanım Əliyevanın qayğı və dəstəyi ilə biz qaçqınlara Horadiz şəhərində fərdi yaşayış evi tikilmişdir. Vətəndaş tərəfindən “Paşa Sığorta”nın qaynar xəttinə məlumat verilib və dərhal “Paşa Sığorta” nümayəndələri tərəfindən qəzalı evə baxış keçiriblər.
2019-cu ilin iyunundan bu günə kimi mən onlardan heç bir məlumat ala bilmirəm. Sığorta Huquqpozmalarından Müdafiə Birliyinin köməyi ilə Mərkəzi Bank “Paşa Sığorta” ASC-yə sığorta ödənişinin verilməsi barədə təqdimat göndərmişdir. Lakin yenə də işçiləriniz dövlətin təqdimatına məhəl qoymur və mənim pulumu vermirlər. İşçiləriniz dövləti, sizi və “PAŞA Sığorta” ailəsini aldadır. Məcburam yenidən alaçıqda (palatkada) yaşayım. Xahiş edirəm işçilərinizə ciddi nəzarət edəsiniz!