Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı vətəndaşlar arasında yaranan suallara aydınlıq gətirib.
O bildirib ki, hazırda vətəndaşlar etibarlılıq müddəti bitməmiş və qüvvədən düşməmiş şəxsiyyət vəsiqələrindən istifadə etməyə davam edə bilərlər və bu vəsiqələrin dəyişdirilməsi zəruri deyil.
E.Niftəliyev qeyd edib ki, şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitibsə, vəsiqə korlanıbsa, ad-soyad, ata adı dəyişdirildikdə, sənəd itirildikdə, yalnız bu zaman yeni nəsil şəxsiyyət vəsiqələrinin alınması zəruridir.
Onun sözlərinə görə, hazırda sənədlərin qəbulu Bakı şəhərinin bütün ASAN xidmət mərkəzlərində və Sumqayıt regional "ASAN xidmət" mərkəzlərində həyata keçirilir. Növbəti günlərdə regional "ASAN xidmət" mərkəzlərində də yeni nümunəli şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi üçün sənəd qəbuluna başlanılacaq.
O qeyd edib ki, 15 yaşı tamam olmuş vətəndaşlar üçün yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi üçün müəyyən olunmuş dövlət rüsumunun məbləğində hər hansı dəyişiklik yoxdur: “Belə ki, vəsiqənin 10 gün müddətində verilməsi üçün 5 manat, 3 iş günü müddətində verilməsi üçün 25 manat, 1 iş günü müddətində verilməsi üçün isə 35 manat təşkil edir. 15 yaşı tamam olmamış vətəndaşlar üçün yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı rüsumlar tətbiq olunub. 10 gün müddətində 4 manat, 3 iş günü müddətində 20 manat, 1 iş günü müddətində isə 25 manat dövlət rüsumu müəyyən edilib”.
Qeyd edək ki, bu gündən Azərbaycanda vətəndaşlara yeni nəsil elektron şəxsiyyət vəsiqələrinin verilməsinə başlanılıb.