“Günay Sığorta” ASC-də rəhbər işçi vəzifəsindən uzaqlaşıb. Belə ki, şirkətin İdarə Heyətinin sədri vəzifəsini icra edən Kənan Əskərov öz xahişi əsasında tutduğu vəzifədən ayrılıb.
Bu barədə FED.az saytına K.Əskərovun özü məlumat verib. K.Əskərov bildirib ki, vəzifəsindən öz xahişi əsasında uzaqlaşıb:"Hazırda müxtəlif yerlərdən təkliflər var. Həmin təklifləri dəyərləndirməklə məşğulam. Uyğun təklif olduğu halda yaxın günlərdə seçim qərarı verəcəm".
Qeyd edək ki, K.Əskərov “Günay Sığorta”da bu vəzifəni 2018-ci ilin avqust ayından icra edirdi.
K.Əskərov 2004-cü ildə Hüquq fakültəsini və 2007-ci ildə Türk Sığorta İnstitununun (TSEV) “Yanğın və Mühəndislik sığortaları” ixtisasını əla nəticələrlə bitirib.
Əmək fəaliyyətinə 2003-cü ildə başlayıb, 40-dan çox hüquqi və bir elmi məqalələnin müəllifidir. Sığorta sahəsində fəaliyyətinə 2006-2011-ci illərdə “Xalq Sığorta” ASC-də başlayıb. 2011-ci ildən 2016-cı ilin iyun ayınadək karyerasını “Azərbaycan Sənaye Sığorta” ASC-də davam etdirib. 2016-cı il iyul ayından “Günay Sığorta” ASC-nin İdarə heyətinin üzvü, noyabr ayından İdarə Heyətinin sədr müavini vəzifəsinə təyin edilib.
Eyni zamanda şirkətin daxili sığorta proqramının inkişafına yönəlmiş fəaliyyətə rəhbərlik edib. K.Əskərov 2011-ci ildən Daxili Auditorlar İnstitunun üzvü həmçinin 2011-2015-ci illər üzrə “Audit Azərbaycan” İnstitutunun İdarə Heyətinin üzvü olub. 2014-cü ildən etibarən Azərbaycan Sığortaçılar Assosiasiyasının Könüllü sığorta növləri üzrə komitənin üzvüdür. Sığorta, təkrarsığorta və daxili audit üzrə bir çox yerli və xarici - ABŞ, Almaniya, Rusiya, Gürcüstan, Türkiyə, İsveçrə və Fransa kimi ölkələrdə keçirilən kurs və seminarlarda iştirak edib.
“Günay Sığorta”nın sədr əvəzi - VƏZİFƏSİNDƏN UZAQLAŞDI
13:34
26 Fev 2019