Azərbaycanın sığopta şirkətlərini birləşdirən Azərbaycan Sığortaçılar Assosiasiyasında (ASA) yenilik var. FED.az xəbər verir ki, təşkilata üzvlük haqlarının yeni qayda ilə ödənilməsi təklif edilib. Hələlik sığorta şirkətlərinin bu təklifə münasibəti məlum deyil.
ASA-nın Müşahidə Şurasının növbəti iclasında ASA-nın sədri Mustafa Abbasbəyli, sədr müavini Vüqar Əliyev və Birliyin əməkdaşları, o cümlədən, Müşahidə Şurasının üzvləri – “AzSığorta” şirkətinin İdarə Heyətinin sədri Anar Talıbov, “AzRe Təkrarsığorta” şirkətinin İdarə Heyətinin sədri Fuad Quliyev, “Meqa Sığorta” şirkətinin İdarə Heyətinin sədri Sevinc Gülmalıyeva, “Paşa Sığorta” şirkətinin İdarə Heyətinin sədri Ülviyyə Cabbarova, “A-Group Sığorta” şirkətinin İdarə Heyətinin sədr müavini Orxan Efendiyev, “Atəşgah Sığorta” şirkətinin İdarə Heyətinin sədr müavini Hidayət Əzimov, “AXA MBASK Sığorta” şirkətinin Hüquq və Maliyyə direktoru Fuad Musa, “AzərSığorta” Dövlət Sığorta və Kommersiya şirkətinin Marketinq və Təchizat departamentinin direktoru Vüqar Həsənov, “İpək Yolu Sığorta” şirkətinin Sığorta şöbəsinin müdiri Kəmalə Xəlilzadə iştirak edib.
Birlik sədri iclas iştirakçılarını salamlayaraq Birliyin fəaliyyəti, son görülən işlər barədə məlumat verib. Baden-Badendə Azərbaycan gecələrinin keçirilməsinə dair mövzu geniş müzakirəyə səbəb olub. Sığortaçılar tədbirin keçirilməsi ilə bağlı fikirlərini bildirib. Əvvəlki illərdə keçirilən bu tədbirin Azərbaycan sığorta sektoruna təsiri dəyərləndirilib və onun Azərbaycan sığorta bazarı üçün üstünlükləri və faydalarından bəhs edilib. Digər bir sıra təşkilatı məsələlərin dəqiqləşdirilməsi məqsədilə mövzunun yenidən müzakirəsi qərara alınıb.