Azərbaycanın aparıcı sığorta şirkətlərinən olan «AXA MBASK» sığorta bazarında fəaliyyətini kəskin məhdudlaşdırıb. FED.az xəbər verir ki, bir neçə gün əvvəldən etibarən şirkət əksər sığorta xidmətləri üzrə yeni müqavilələr qəbul etməyi dayandırıb. Bu barədə FED.az-a şirkətin rəhbəri Selcuk Adıgözəl bildirib. Onun sözlərinə görə, şirkət öhdəliklərini icra etmək şərtilə bəzi sığorta növləri üzrə yeni müqavilələr imzalamağı dayandırıb: «Hazırda şirkət yalnız icbari sığorta növləri üzrə müqavilələri qəbul edir. Amma agentlərə qanunvericilikdə nəzərdə tutulan həcmdə komissiya ödəmək şərtilə».
Qeyd edək ki, qanunvericiliyə əsasən sığorta agentlərinə maksium komisiya sığorta haqqının 15%-ni keçməməlidir. Amma hazırda Azərbaycanın sığopta bazarında agent komissiyalarının həcmi 25-30%-ə çatır. Başqa sözlə, təklif edilən 15% komissiya agentlər tərəfindən çox aşağı qiymətləndirilir. Və belə halda agentlər yeni müqavilələr imzalamağa maraq göstərmirlər.
S.Adıgözəl bildirib ki, baş verən dəyişikliklə məqsəd, şirkətin öhdəliklərini azaltmaqdır, ona görə də daha zərərli sığorta növləri üzrə portfel azaldılır. «Bu dəyişikliklər «AXA Mbask»ın ölkədən getməyə hazırlığıdırmı?» sualına cavab olaraq S.Adıgözəl bildirib ki, bununla bağlı heç bir rəsmi qərar yoxdur.
Sığorta bazarından FED.az-ın əldə etdiyi məlumata görə, hazırda «AXA MBASK» yalnız «Yaşıl Kart», səyahət və avtomobillərin icbari sığoptası müqavilələrini qəbul edir. Könüllü sığorta növləri, həmçinin əmlak və kasko sığorta müqavilələri isə qəbul edilmir.