Azərbaycanda fiziki şəxs olaraq fəaliyyət göstərən sığorta agentlərinin bir hissəsi hazırda sektorda yaranan vəziyyətə etiraz edərək bununla bağlı ölkə rəhbərliyinə müraciət hazırlaşırlar.
Azərbaycanda bazar payını itirən və artıran - SIĞORTA ŞİRKƏTLƏRİ - RENKİNQ
FED.az xəbər verir ki, təqribən 250-ə yaxın sığorta agenti sığorta bazarında agentlərin komissiya haqlarının tədricən azaldılmasına, bəzi sığorta növlərində isə ümumiyyətlə kəsilməsinə etiraz edir.
Onların sözlərinə görə, indiyədək komissiya haqları tədricən azaldılsa da, son vaxtlar bəzi şirkətlər qeyri-rəsmi olaraq komissiyaları ümumiyyətlə dayandırıblar, bununla yanaşı, komissiyaların dayandırılması barədə rəsmi qərar elan edilməyib.
Tərkibində Azərbaycanın Bakıda və regionlarda fəaliyyət göstərən bir sıra agentlərinin olduğu qrup bildirir ki, sığorta şirktləri agentləri sığortalanma prosesindən sıxışdırıb çıxarmaq, bununla da indiyədək agentlərə çatan komissiya haqqını da ələ keçirmək istəyirlər.
Qrup üzvlərinin FED.az-a verdiyi məlumata görə, son aylar komiissiyaların kəsilməsi tədricən bütün avtomobilləri əhatə edib. Belə ki, bir neçə ay əvvələdək sığorta agentlərinə 1,5 litr mühərriki olan avtomobillərin sığortası qadağan edilib. Yəni sığorta şirkətləri elan ediblər ki, bu avtomobillərə yazılan müqavilələrə görə nəinki komissiya ödənilməyəcək, hətta bu müqaviləni yazan agentlərlə əməkdaşlıq dayandırılacaq.
Sonrakı aylarda isə komissiya verilməyən avtomobillərin siyahısı daha da genişlənərək əvvəlcə 2 litr, daha sonra 2,5 litr və 3 litr mühərrikli avtomobiləri də ahətə edib.
Bu günlərdə isə ölkədəki bəzi şirkətlərlə əməkdaşlıq edən sığorta agentlərinə bildirilib ki, aprelin 1-dən etibarən onlara icbari sığortalar – avtomobil icbari və daşınmaz əmlakın icbari sığortası üçün komissiya ödənilməyəcək.
«Əməkdaşlıq etmək istəyən agentlər yalnız könüllü növlər üzrə müqavilələr gətirməlidirlər» - deyə şirkətlərdən bildirilib. Qrup üzvləri də buna etiraz edirlər.
Qeyd edək ki, hazırda Mərkəzi Bankda 540-dan artıq fiziki şəxs sığorta agenti , eləcə də 30-a yaxın hüquqi şəxs sığorta agenti rəsmi qeydiyyatdadır. Ümumilikdə bu sahədə 1700-2000 nəfərə yaxın işçi fəaliyyət göstərir və gəlir əldə edir. Yeni qaydanın tətbiqi onların hamısını gəlirdən məhrum edəcək.
Agentlər yalnız könüllü növlərlə işləmək tələbini qəbul etmirlər. Onlar FED.az-a bildirib ki, onlar könüllü sığorta müqavilələrini məhz icbari sığorta üçün müraciətedən müştərilərə təklif edirdilər. İcbarit sığorta təqdim edə bilməyəndən sonra onlara ümumiyyətlə müraciətlər dayanacaq.
Qrup üzvləri məsələ ilə bağlı ölkə rəhbərliyinə, prezident İlham Əliyevə müraciət edərək və ondan bu məsələni nəzarətə gğtürməsini xahiş edəcəklər.
Bundan başqa agentlər Azərbaycan Mərkəzi Bankına, İqtisadiyyat naziri Mikayıl Cabbarova, KOBİA-ya və digər əhaqədar qurumlara müraciət etmək niyyətindədirdər.