Azərbaycanda son bir il ərzində həyat sığortası bazarının inkişafında kəskin artım olub.
FED.az saytı Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı rəqəmlər əsasında hazırladığı hesabata əsasən son bir il ərzində həyat sığortası bazarı 86%-dək artıb.
Belə ki, cari ilin yanvar-may aylarında həyat sığortası bazarının iştirakçı şirkətləri tərəfindən ümumilikdə 138 086 200 manat sığorta haqqı toplanılıb ki, bu da 2017-ci analoji dövrünün göstəricisi ilə müqayisədə 63 810 463 manat (və ya 85,91%) çox olub.
Bu dövr ərzində ən çox yığım “həyatın yaşam sığortası” (113 345 100 manat) növünün payına düşüb. Son bir ildə bu növ sığorta üzrə toplanan sığorta haqlarının həcmi 76,53% artaraq 113 345 100 manata çatıb.
Digər növlər – “Həyatın ölüm halından sığortası”, “Əmək qabiliyyətinin sığortası” və “sağalmaz xəstəliklərdən sığorta” növlər üzrə yığımlar müvafiq olaraq 23 382 400 manat, 1 356 500 manat, 32 200 manat təşkil edib.
Son bir ildə “Həyatın ölüm halından sığortası” növü üzrə yığımların həcmi 2,4 dəfə, “sağalmaz xəstəliklərdən sığorta” növündə isə 41,6% artıb.
Həyat sığortası növləri sırasında azalma yalnız “Əmək qabiliyyətinin sığortası” növündə olub ki, illik müayisədə bu növ üzrə yığımlarda 3,5 dəfə azalma müşahidə olunub.
Qeyd edək ki, hazırda Azərbaycanda həyat sığortası xidmətləri üzrə 3 şirkət - “Qala Həyat”, “Atəşgah Həyat” və “PAŞA Həyat” fəaliyyət göstərir.
Azərbaycanda həyat sığortası bazarı genişlənir - İCMAL
15:16
19 İyun 2018