Müsahibimiz “AtaSığorta” şirkətinin İdarə Heyəti sədrinin müavini, peşəkar hüquqşünas Azər Fərəcovdur.
Hörmətli Azər müəlim, “Atasığorta” şirkətinin strateji inkişaf planında sığorta ödənişlərinin verilməsi prosesinin avtomatlaşdırılması istiqamətində hər hansı bir proqramın tətbiqi nəzərdə tutulurmu? Ümumiyyətlə belə bir sistemin tətbiqi sahəsində şirkət tərəfindən müvafiq işlər aparılırmı?
- “AtaSığorta” ASC-nin 2020-2023-cü illər üzrə təsdiq edilmiş biznes strategiyasında nəzərdə tutulmuş bir çox yeniliklər kimi sığorta ödənişlərinin verilməsi prosesinin avtomatlaşdırılması üçün tədbirlərin görülməsi də nəzərdə tutulmuşdur və tərəfimizdən bu istiqamətdə müvafiq işlər görülür. Bununla bağlı hazırda sığorta sahəsində və şirkətimizdə mövcud olan ən müasir proqram təminatında yüksək sürətin və avtomatlaşdırmanın təkmilləşdirilməsinin təmin edilməsi məqsədilə işçi qrupuna müvafiq texniki tapşırıqlar verilmişdir.
Nəzərə alsaq ki, sığorta ödənişlərinin verilməsi prosesi hər bir hadisə üzrə individual xarakter daşıyır prosesin avtomatlaşdırılması həm müştəri məmnuniyyəti, həm də Şirkət mövqeyi baxımdan geniş dairəni əhatə edir və bu şirkətimiz üçün prioritet məsələdir.
Bildiyimiz kimi, istənilən müştəri sığorta ödənişini vaxtında və operativ qaydada aldıqda o bu işdən məmnun qalır. Müqaviləsi bitdikdən sonra belə yenidən həmin şirkəti seçir. Bilmək istədik “AtaSığorta” şirkətində müştəri məmnuniyyəti səviyyəsinin daha artırılması istiqamətində hansı işlər görülür?
- Müştəri məmnuniyyəti Şirkətimizin fəaliyyətinin əsas, daha dəqiq desək ən öndə duran məqsədlərindən biridir. Sığorta ödənişlərinin qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində və həmin müddətdən də tez operativ şəkildə verilməsi Şirkətimizin iş prinsipinin əsasını təşkil edir. Həmçinin, Şirkətimizdə müştəri məmnuniyyətinin artırılması və göstərilən xidmətin səviyyəsinin ölçülməsi üçün Zəng Mərkəzinin (Call Center) fəaliyyəti daha da təkmilləşdirilmiş və bu istiqamətdə çalışan əməkdaşların sayı artırılmışdır. Xidmətlərimizdən yararlanmış hər bir müştəri ilə əlaqə saxlanılaraq onun xidmətimizdən razı qalıb-qalmaması öyrənilir, bildirdiyi çatışmazlıqlar araşdırılaraq aradan qaldırılır və nəticədə göstərdiyimiz xidmətin keyfiyyəti artırılmış olur.
“AtaSığorta” şirkəti tərəfindən sığorta işi ilə bağlı əhalinin maarifləndirilməsi istiqamətində hansı proqramlar icra edilir?- Pandemiya şəraitini nəzərə alaraq son aylarda maarifləndirmə yalnız sosial şəbəkələr üzərindən həyata keçirilir. Daha öncə tərəfimizdən ali məktəblərlə sığorta sahəsində maarifləndirmə, sığorta sahəsinə marağın artırılması istiqamətində işlər aparılmışdır. Qeyd etmək istəyirəm ki, şirkətimiz bu istiqamətdə Azərbaycan Sığortaçılar Assosiasiyası ilə sıx əməkdaşlıq edir və Azərbaycan Sığortaçılar Assosiasiyasının əhalinin sığorta sahəsi ilə bağlı maarifləndirmə proqramında üzv olaraq iştirak edir.
Bildiyimiz kimi, istər icbari sığorta, istərsə də kasko sığortası növlərində “AtaSığorta” şirkəti bazarda bəlli bir paya malikdır. Məhz bu baxımdan bilmək istərdik ki, cari ilin yanvar-oktyabr ayları üzrə şirkətin ödənişlər portfelində daha çox hansı növlər üzrə vəsaitlər ödənilib? Qeyd olunan dövrdə ən çox ödəniş hansı növ üzrə verilib?
- Qeyd etdiyiniz dövr ərzində Şirkətimiz tərəfindən ən çox avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə 4200-dən artıq zərərçəkmiş şəxsə sığorta ödənişi verilmişdir. Bu ödənişlərin ümumi məbləği 5 000 000 manata yaxındır. Şirkətimizdə Kasko sığortası ilə sığortalanmış nəqliyyat vasitələri üzrə 350-dən çox müştərimizə 600 000 manata yaxın sığorta ödənişi verilmişdir. Həmçinin Şirkətimiz tərəfindən bizim üçün prioritet sahələrdən biri hesab olunan tibbi sığorta növü üzrə 3 500-dən artıq müştərilərimizə 500 000 manatdan çox ödəniş edilmişdir.
Fərdi və ya korporativ müştərilərin sığorta hadisəsinin baş verməsi barədə onlayn qaydada məlumatlandırması, eləcə də sığorta ödənişinin alınması prosesini izləməsi ilə bağlı “AtaSığorta” şirkətinin mobil tətbiqi yaradılıbmı?
- Müştəri məmnuniyyətinin artırılması məqsədilə tərəfimizdən hər zaman müxtəlif yeniliklər tətbiq edilir. Bu istiqamətdə rahat və operativ xidmətin təqdim edilməsi üçün müəyyən işlər aparılır. Hesab edirəm ki, yaxın vaxtlarda müştərilərimizə bu xidməti də təqdim edəcəyik.
Müsahibə üçün təşəkkür edirik.