“Atəşgah sığorta” şirkəti yeni strategiyasında satışın həcminin daha artırılması üçün elektron satış kanallarından istifadə etməklə yanaşı ənənəvi satışı da inkişaf etdirəcək.
FED.az xəbər verir ki, bu barədə şirkətin İdarə Heyətinin sədri Azər Əliyev bildirib. Onun sözlərinə görə, dünyanın ən iri və qabaqcıl sığorta şirkətlərinin ümumi portfelində elektron satışlar daha çox üstünlük təşkil edir: “Biz də çalışırıq ki, şirkətin sığorta porfelində elektron satışların müəyyən bir xüsusi çəkisi olsun. Lakin yerli bazarın qaydalarını nəzərə alaraq, ənənəvi satış kanallarını da yararlanmaq əsas hədəflərimizdən biridir”.
A.Əliyev qeyd edib ki, elektron satışla yanaşı agent şəbəkəsi ilə də işimizi davam etdirəyəcəyik: “Agentlərdən imtina etmirik, əksinə onlarla əməkdaşlığımızı daha da gücləndirmək niyyətindəyik. Onların satışlarına görə komissiyalarını da vaxtında ödəyəcəyik. Bu inkişaf istiqaməti yeni strategiyada da nəzərdə tutulub”.
Şirkət rəsmisi bildirib ki, yeni strategiyaya uyğun olaraq növbəti illərdə satış üzrə porfelin 15%-ni elektron satışdan, 85%-ni isə ənənəvi satış kanallarından əldə edilməsi planlaşdırılır. Yəni ümumi məqsədimiz bu nisbəti azaltmaq və daha çox elektron satış kanalllarına üstünlük verməkdir.
A.Əliyev satışın elektron kanallar vasitəsi ilə həyata keçiriləcəyi fonunda satış mütəxəsisslərinin ixtisar olunması məsələsinə də aydınlıq gətirib. O bildirib ki, elektron satışa dəstək vermək, satışın elektronlaşması işçilərin ixtisar olunması anlamını vermir. “Biz satış mütəxəsisslərini ixtisar etmək niyyətində deyilik. Əksinə satış blokuna dəstək üçün əlavə işçilər götürmək niyyətindəyik”- deyə A.Əliyev vurğulayıb.
Qeyd edək ki, ötən həftə “Atəşgah” Sığorta Qrupunun (SQ) Direktorlar Şurasının növbəti iclasında 2019-2021-ci illər üzrə inkişaf strategiyası təsdiq edilib. Strategiyada sığorta mütəxəssislərinin seçim və təlim proseslərinə, məhsulların inkişafı və modernləşdirilməsinə yatırımların edilməsi, həmçinin satışları əsas elektron satış kanalına çevirmək və şirkətin İT infrastruktur bazasını təkmilləşdirmək nəzərdə tutulub.
Azər Əliyev: “Ənənəvi satışdan imtina etmirik, agentlərə komissiya verəcəyik”
08:58
12 Sen 2018