"Sığortaçılar tərəfindən icbari sığorta məqsədilə müraciət edən şəxsə imtina edilməsi “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 23.3-cü maddəsinə zidd haldır".
FED.az xəbər verir ki, İcbari Sığorta Bürosundan (İSB) bildirilib.
"Pozitiv dəyişikliklərə baxmayaraq, sektorda bəzi narazılıq doğuran hallara da rast gəlinməkdədir. Hazırda gündəmdə olan məsələlərdən biri nəqliyyat vasitələri kimi avtobus və mikroavtobusların icbari sığortalanması məsələsidir. Bildirək ki, sığortaçılar tərəfindən icbari sığorta məqsədilə müraciət edən şəxsə imtina edilməsi “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 23.3-cü maddəsinə zidd haldır. Qeyd edək ki, bu kimi halların aradan qaldırılması məqsədilə hazırda Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası və İcbari Sığorta Bürosu tərəfindən konkret tədbirlər həyata keçirilir",- Bürodan bildirilib.
İSB bildirir ki, nəqliyyat sektorunda mikroavtobus, avtobus və digər sərnişin daşıyıcı avtonəqliyyat vasitələri təklif edən sahibkarlar icbari sığorta ala bilməmək problemi ilə qarşılaşmamaq üçün öz əmlaklarını elektron qaydada sığortalamaq imkanına malikdirlər. Belə ki, sahibkar sığorta şirkətinə və ya sığorta vasitəçilərinə müraciət etmədən istənilən sığorta şirkətinin internet səhifəsi üzərindən müvafiq məlumatları daxil etməklə öz əmlakını elektron qaydada icbari sığortalaya və icbari sığorta şəhadətnaməsinin nömrəsini əldə edə bilər.