Azərbaycanın həyat sığortası xidmətləri üzrə ixtisaslaşmış şirkəti olan “Qala Həyat” Sığorta Şirkəti ASC-də yeni təyinat olub.
Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətindən verilən məlumata görə, səmhdarların müvafiq qərarı ilə Amil Cəlilov “Qala Həyat”ın Satış Departamentinin müdiri vəzifəsinə təyin edilib.
A.Cəlilov yeni vəzifəyə təyinat alana qədər “Qala Həyat” Sığorta Şirkəti ASC-nin Bakı şəhəri üzrə satış şöbəsinin müdiri vəzifəsini icra edib.
Qeyd edək ki, A.Cəlilov biznesin təşkili və idarəedilməsi ixtisası üzrə ali təhsil alıb. A.Cəlilov Azərbaycan sığorta bazarında satış üzrə peşəkar sığortaçı kimi tanınır və maliyyə sektotunda 10 ildən çox təcrübəyə malikdir. O, Azərbaycanda fəaliyyət göstərən bir çox tanınmış şirkətlərdə peşəkar satış mütəxəssisindən başlayaraq, baş mütəxəssis, koordinator və şöbə müdiri vəzifəsinədək yüksəlib.
Xatırladaq ki, Azərbaycan sığorta bazarının lokomotivlərindən sayılan “Qala Həyat” Sığorta Şirkəti 2011-ci ildən fəaliyyət göstərir. Şirkətin əsas səhmdarı ölkənin ən iri sığorta qurumu olan “AzRe Təkrarsığorta” şirkətidir. Cari ilin may ayının 1-nə şirkətin nizamnamə kapitalının həcmi 12,870 mln. manat təşkil edib.
Şirkət müştərilərə qanunvericliklə nəzərdə tutulmuş həyat sığortasının bütün növləri üzrə, o cümlədən “İpoteka krediti üzrə borcalanın həyat sığortası”, “Kapital proqramı üzrə həyat sığortası”, “Zərərsiz və İtkisiz sığorta”, “Bədbəxt hadisələrdən sığorta”, “Həyatın sağalmaz xəstəliklərdən sığortası”, “Uşaqların xeyrinə yığım sığortası” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə, əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta”sı üzrə xidmətlər göstərir.
Amil Cəlilova "Qala Həyat"da vəzifə verildi
14:23
30 May 2018