“Günay Sığorta” şirkətinin İdarə Heyətinin sədri Akşin Cahangirovun FED.az biznes-maliyyə portalına müsahibəsi
Akşin müəllim, ilk olaraq yeni təyinatınızla bağlı FED.az komandası adından sizi təbrik edir, sizə uğurlar arzulayırıq. İnanırıq sizə göstərilən etimadı doğruldacaqsınız.
Çox sag olun, təşəkkür edirəm. Fikrimcə, əgər mənə bu vəzifə etibar edilirsə deməli, bu etimadı doğrultmalıyam.
Bildiyimiz kimi, artıq 2019-cu il başa çatmaq üzrədir. “Günay Sığorta” şirkətinin fəaliyyətində 2019-cu il hansı uğur və nailiyyətlərlə yadda qaldı?
Qeyd edim ki, “Günay Sığorta” şirkəti 2019-cu ili uğurla yekunlaşdırır. Bu il ərzində şirkət fəaliyyət istiqamətini daha da genişləndirib. Şirkət regionlarda satış kanallarının artırılması istiqamətində addımlar ataraq yeni satış nümayəndəliklərini müştərilərin istifadəsinə vermiş və bununla da yeni iş yerlərinin açılmasını təmin etmişdir. Həmçinin bu dövr ərzində şirkətin daxili prosedurları yenilənmiş, müştəri məmnuniyyətinin daha da yüksəldilməsi üzrə prosedurlar yazılmış və yeni proqram təminatı işlənilmişdir.
Şirkət müştərilərin rahatlığını təmin etmək üçün baş ofisini yeniləyərək korporativ üslubda təmir olunmuş yeni baş ofisə köçmüş və ən yüksək səviyyədə xidmət göstərmək üçün ofisdə zəruri şərait yaratmışdır. 2019-cu ildə şirkət regionlarda və Bakı şəhərində yaşayan vətəndaşlar üçün yeni sığorta məhsullarını təqdim etmişdir.
Növbəti illə bağlı planlarınız haqqında bilmək istərdik. Əsas maliyyə göstəriciləri üzrə növbəti ilin proqnozu barədə fikirləriniz maraqlı olar.
2020-ci il üzrə planlarımız çoxdur. İndidən danışmağımız doğru olmazdı. Əsas planlarımız müştəri məmnuniyyətinin daha da artırılması istiqamətində işləri davam etdirmək, bazara yeni və fərqli, sərfəli sığorta məhsulları təqdim etmək, şirkətdaxili motivasiya proqramlarını daha da təkmilləşdirmək, sığorta satışının və sığorta hadisələrinin tənzimlənməsini onlayn sistemə keçirtməkdir.
2020-ci ildə bazara hansı yeni məhsullar çıxartmaq niyyətindəsiniz?
Artıq yeni məhsullarımızın hazırlanması istiqamətində işlər davam etdirilir. 2019-cu ildə olduğu kimi növbəti ildə də fərqli və rəqabətə davamlı məhsullar hazırlamaq fikrindəyik. Hazırda kənd təsərrüfatı sığortası, əmlak sığortası aktiv müzakirə olunan sığorta məhsullarıdır. Region və Bakı ərazisində yaşayan əhali üçün fərqli yanaşma edib, onlara daha uyğun təkliflər hazırlayırıq. Bu yanaşmamızı yeni ildə də davam etməyi düşünürük. Fəaliyyət istiqamətimizdə regionlarda yaşayan əhaliyə xüsusi diqqət ayırırıq.
Gələn il ərzində yığımların həcmi üzrə ilk onluqda qərarlaşmanız üçün “Günay Sığorta” şirkəti tərəfindən hansı strateji addımlar atılacaq?
Ümumiyyətlə Azərbaycanda sığorta yeni və inkişafda olan maliyyə sahələrindən biridir. Şirkət olaraq, 2019-cu ildə sığorta portfelinin zərərlilik dərəcəsinin tənzimlənməsi istiqamətində böyük işlər görmüşük. Bazarın ümumi tendensiyasına uyğun olaraq, bizim şirkətin sığorta portfelində də icbari növlərin payı üstünlük təşkil edib. Lakin əsas məqsədimiz könüllü sığorta növlərində fəaliyyəti artırmaq və bazarda yığım üzrə ən yüksək pillələrdə olmaq yox, daha effektiv sığorta portfelinə malik olan şirkət olmaqdır.
“Günay Sığorta” Azərbaycanın ilk özəl sığorta şirkəti olaraq 27 ildir ki, fəaliyyət göstərir və sığorta bazarı bunu göstərir ki, daha çox yığıma malik olmaqdan çox daha effektiv sığorta portfelinə sahib olmaq üçün düzgün strategiya hazırlamaq və düzgün idarəetmə siyasəti yürütmək lazımdır.
Akşin müəllim, müsahibə üçün bir daha təşəkkür edirik.
Mən də təşəkkür edirəm, FED.az komandasının uğurlarının bol olmasını arzulayıram.