Qanuna əsasən Kalifoniya yollarında park edilmiş və ya hərəkətdə olan bütün mühərrikli nəqliyyat vasitələri maliyyə öhdəliyi - sığorta tələbi daşıyır. Yəni siz hər zaman avtomobilinizdə maliyyə məsuliyyətinə dair sübut daşımalı və tələb olunduğu təqdirdə - qanunla sizdən istənilikdə, avtomobili yenidən qeydiyyatdan keçirəndə və nəqliyyat qəzasının iştirakçısı olduqda onu təqdim etməlisiniz.
Başqa sözlə desək, Kaliforniyada, eləcə də ABŞ-ın digər ştatlarında sürücülərdən sığorta almaq qanunla tələb olunur.
Sığorta şirkətləri, həmçinin Kaliforniya Nəqliyyat Kodeksinə əsasən fərdi istifadədə olan avtomobillərin sığorta polisləri ilə bağlı elektron şəkildə DMV-ni, Mühərrikli Nəqliyyat Departamentini məlumatlandırmalıdır. Kommersiya və biznes məqsədləri ilə istifadə olunan nəqliyyatların sığorta polislərinə dair elektron məlumatlandırma öhdəliyi yoxdur. 2006-ci ildən qüvvədə olan bu qayda DMV-yə hərəkətdə olan avtomobillərin sığorta vəziyyətindən xəbərdar olmağa və lazım gəldikdə, maşının qeydiyyatını ləğv etməyə və digər addımlar atmağa icazə verir.
Eləcə də bax: Gürcüstan nömrəli avtomobillər üçün yeni qadağa - GÖMRÜKDƏN AÇIQLAMA
Kaliforniya at-fault - “təqsir üzrə” avtomobil sığortası icra olunan ştatdır, bu o deməkdir ki, qəzayə görə təqsirli, yəni məsuliyyətli olan tərəf - şəxs qəzanın xərclərini ödəməlidir. Əgər həmin şəxsin sığortası varsa, onun sığorta şirkəti dəymiş zərəri ödəyəcək, təbii ki, müəyyən limitlər çərçivəsində. Zərərlər qarşı tərəfin tibbi xərcləri, itirilmiş iş saatları xərci, nəqliyyata və ya digər obyektə dəymiş xəsarəti əhatə edir.
“Nisbi laqeydlik” və ya “paylaşılan təqsir” - əgər qəza iştirkaçlarından sadəcə biri tam təqsirli hesab olunursa işlər asandır, bəs əgər qarşı tərəflərin hər birində müəyyən qədər günah varsa, onda necə? Bu zaman qanunlar nisbi laqeydlik prinsipi üzrə işləyir və hər bir tərəfin hadisəyə görə neçə faiz məsuliyyət daşıması müəyyən edilir.
Misal üçün müəyyən olunur ki, qəzadə 30% günah sizdə, 70% günah isə qarşı tərəfdə olub. Siz yenə də qarşı tərəfdən sizə dəyən zərərin ödənilməsini tələb edə bilərsiniz. Sadəcə tələb edəcəyiniz məbləğ 30% kiçiləcək. Hər iki tərəfin sığorta şirkəti bu zaman öz müştərisinin maraqlarını müdafiə etməyə və daha az ödəniş etməyə çalışacaq.
Kaliforniyada sürücünün öhdəlik sığortası
Öhdəlik (məsuliyyət) sığortası sizin sürücü kimi digər tərəfə verduğunuz ziyanı qarşılamağa icazə verir.
Minimum sığorta təminatı tələbi - 15/30/5
Aşağıda verilən məbləğlər, minimum sığorta təminatının limitləridir. Sizin sığorta polisi ən azından bu məbləğləri qarşılamalıdır.
Sağlamlığa xəsarət ilə bağlı sığorta təminatı minimumu
- $15,000 bir şəxsin xəsarət alması və ya ölməsi halı;
- $30,000 - bir qəza hadisəsi üçün bir nəfərdən çox şəxs xəsarət aldıqda və ya öldükdə, minimum sığorta təminatı 30 min dollara qədərdir. Əgər 3 nəfər xəsarət alıbsa, sığorta şirkəti tərəfindən verilən məbləğ onların üçü arasında xəsarət ağırlığına uyğun paylaşılacaq.
Əmlaka dəyən zərərlə bağlı minimum təminat
- $5,000 - qarşı tərəfin nəqliyyat vasitəsinə və ya toqquşma anında xəsarət alan digər obyektə, hasar, dükan, reklam lövhəsinə və s dəymiş zərəri ödəmək üçün müəyyən edilən məbləğ həddi.
Avtomobilin məsuliyyət sığortası qanunu tələbdir. Sığorta olmadan avtomobil idarə etmək qanuna ziddir. Həmçinin avtomobilin qeydiyyata alınması üçün məsuliyyət sığortası mütləq olmalıdır. Öncə də qeyd etdiyimiz kimi siz sığorta aldıqda, onu dayandırdıqda və ya sığorta haqqının ödənilməsini dayandırdıqda şirkətiniz bu haqda DMV-yə məlumat verir.
Əgər sizdən soruşulduqda, sığorta sübutunu təqdim edə bilməsəniz, siz cərimə olunacaqsınız. Bu zaman sizin sürücülük vəsiqəniz qüvvədən salına və sizin nəqliyyat vasitəniz müsadirə ola bilər. Yadda saxlayın ki, sürmək bir imtiyazdır, haqq deyil.
15/30/5 - tələbi qanunla müəyyən edilən minimumdur, əksər Kaliforniya sığorta şirkətləri daha böyük sığporta təminatı təklif edir, maliyyə imkanlarınız icazə verirsə daha iri məbləğli sığorta həddi almaq tövsiyə olunur, xüsusən də əgər siz ev sahibisiniz və ya digər vacib aktivləriniz varsa, çünki qarşı tərəfə sizin təqsiriniz səbəbindən dəymiş ziyana görə istənilən halda siz məsulsunuz və ziyanı qarşılamlı olacaqsınız.
Sığorta təminatının böyüməsi sizin ödədiyiniz sığorta haqqlarının - premimumlarının da miqdarına təsir edəcək.
Avtomobillə bağlı digər sığorta növləri
- Sığortasız sürücü ilə qəza halından sığorta
Təsəvvür edin ki, baş verən qəzadə qarşı tərəf təqsirlidir, amma sığortası yoxdur və ya sığorta təminatı çox aşağıdır, sizin maşının və ya sərnişinlərin xəsarətini qarşılaya bilmir. Və ya siz öz yolunuzla hərəkət etdikdə, hansı maşın yoluna çıxır, xəsarət yetirir və hadisə yerindən qaçır.
Bu kimi hala qarşı nəzərdə tutulmuş sığorta növü vardır. Bu sığorta icbari olmasa da, bütün sığortaçılar bu məhsulu öz müştərilərinə təklif etməyə borcludur və müştəri onu almaqdan imtina etməsi ilə bağlı sənəd imzalamalıdır.
Sığortasız sürücü\az sığortalı sürücü ilə qəzadan sığorta halında sizə təklif olunan məhsul ən azı sizin öhdəlik sığortanız qədər olmalıdır. Yəni 15/30/5 min dollar həddində. Əgər öhdəlik sığorta təminatınız böyükdürsə, onda sığortasız sürücü ilə qəzadan sığortanın miqdarı 30\60 min olmalıdır. Bu sığorta sizə, sizin nəqliyyatınıza və nəqliyyatdakı sərnişinlərinizə - qarşı tərəfin təqsiri nəticəsində dəymiş zərər üçün nəzərdə tutulub.
- Əgər sizin təqsiriniz səbəbindən olan qəzada siz zədələnmisinizsə?
Bu halda ən yaxşı variant sizin sağlamlıq sığortanızdır. Və ya tibbi ödəniş sığortası ala bilərsiniz ki, bu da sizin və sizin sərnişinlərə dəyən ziyanı, təcili yardın çağırılması, ilkin təbbi müdaxilələr və s üçün nəzərdə tutulub.
- Minimum sığorta təminatı hər bir sərnişin üçün 1000 dollardır. Daha böyük sığorta təminatı da ala bilərsiniz, bu sizin ödədiyiniz premiumlardan asılı olacaq.
Fiziki zərər sığortası bizim kaskoya uyğun görünsə də, iki növə ayrılır:
Toqquşma halına görə: Avtomobil digər avtomobil və ya ağac, heyvan, dirək və silə toqquşduqda sizin avtomobilə dəymiş zərərin qarşılanması
Kompleks sığorta - qeyri toqquşma hadisəsi, məsələn vandallıq aktı, oğurluq, yanğın, subasma və s səbəbdən dəymiş zərərə görə sığorta
Bu zaman sığorta təminatı avtomobilin bazar qiymətindən asılı olaraq dəyişir. Yəni avtomobilin bazar dəyəri sizə ödənilir.
Kompleks sığorta aldıqda, maşınız təmirdə olduğu müddətdə kirayə xərclərinizi qarşılayacaq sığorta da ala bilərsiniz.
Sığorta təminatının məbləğinin çox olmasını istədiyiniz halda, sığorta premiumunun (sığora haqqınının) məbləği də böyüyür. Sığorta təminatınız 500 min - 1 milyon dollara qədər böyük bir rəqəm də ola bilər.
Franşiza ABŞ-da başqa cür adlansa da mövcuddur. Sığorta hadisəsi olduqda, adətən öncədən müyyən edilmiş franşiza məbləğinə qədər olan zərəri siz ödəyirsiniz, qalan zərəri isə sığorta şirkəti. Misal üçün franşiza 500 dollardır. Avtomobilə dəyən zərər 8000 dollardır. 500 doları siz, 7500 dolları sığorta şirkəti qarşılayacaq.
Franşiza məbləği böyüdükcə premium məbləği kiçilir və əksinə.
Sığorta premimumu -sığorta haqqı necə müyyən olunur?
Sığorta şirkətlətinin sayı çoxdur və bazar rəqəbətlidir, hər bir şəxsin sığorta haqqı fərdi qaydada hesablanır. Çünki sığorta haqqına təsir edən faktorlar çoxdur. Ortalama qiymət demək çox çətindir. Aylıq 50-250 dollar və daha baha ola bilər.
Siz onlayn müraciət edərək bir neçə sığorta şirkətindən kvota - təklif ala bilər, onları müqayisə edib, ən uyğununu seçə bilərsiniz.
Sığorta haqqına təsir edən faktorlar:
- Sığorta təminatının həddi və franşiza
- Ünvanınız, harada, hansı bölgədə yaşamağınız
- Avtomobilin ili, markası, modeli, gündəlik bir istiqamətdə qət edilən məsafə, hansı məqsədlə (yerdəyişmə. biznes və ya əyləncə) istifadəsi, kilometraj göstəricisi
- Taksi xidməti kimi istifadə olunub olunmaması
- Sizin hansı yaşda sürücülük vəsiqəsi almağınız, yəni sürücülük təcrübəsi (ümumiyyətlə), ABŞ və ya Kanadada sürücülük təcrübəniz və tarixçəniz
- Avtomobil sizin mülkünüz olması, icarə və ya kreditdə olması
- DMV tarixçəniz - əgər mövcuddursa (indiyə qədər törədilən qəzaların, qayda pozuntularnın qeydiyyatı)
- Sizin gəlirləriniz, necə bir işdə çalışmağınız, tələbə və ya təqaüdçüolmağınız
- Avtomobili sizdən başqa hansısa sürücünün idarəetmə ehtimalı
- Əgər varsa digər avtomobilləriniz
Siyahı sığorta şirkətinizdən asılı olaraq dəyişə bilər.
Onlayn müracəitə başladığınız anda, ilkin məlumatları daxil edib prosesi yekunlaşdırmağa macal tapmadan sığorta agentləri sizinlə əlaqəyə girir.
Sizə bir neçə paket təklif edirlər, istənilən paket qanunla müəyyən edilmiş minumum təminatı qarşılamağa imkan verir, təklif əsasən bazar ortalamasına və sizin göstəricilərə uyğun olur.
ABŞ-da 2019-cu ilin 10 ən böyük avtomobil sığortası şirkətləri)
ABŞ avto sığorta bazarının bir neçə aparıcı oyunçusu vardır. İlk onluqda yer alan şirkətlər bazarın 72%-nə nəzarət edir. Onlar böyük miqdarda sığorta polislərinə imza atsalar da hər birinin fərqli xüsusiyyətləri vardır.
İlk onluq isə belədir:
Sıra |
Avto sığorta şirkəti |
Sığorta haqları ($ milyard) |
Bazar payı |
1 |
$41.8 |
18% |
|
2 |
$29.6 |
13% |
|
3 |
$22.8 |
10% |
|
4 |
$21.4 |
9% |
|
5 |
$13.2 |
6% |
|
6 |
$11.6 |
5% |
|
7 |
$10.4 |
4% |
|
8 |
$7.3 |
3% |
|
9 |
$4.4 |
2% |
|
10 |
$4.4 |
2% |
Son olaraq bəzi əlavələr
- ABŞ-da sürüclük vəsiqəsi almağınız üçün “sükan arxasında imtahan”a getdikdə belə, sürdüyünüz avtomobil qeydiyyatda olan və sığortası olan avtomobil olmalıdır. Avtomobilin sizin adınıza olması mütləq deyil, sığortası olan sürücü dostunuz ilə birlikdə gedərək, onun icazəsi ilə avtomobilini sürüb imtahandan keçə bilərsiniz.
- Qeyd etdik ki, sığorta şirkətləri DMV-yə məlumat verir, amma məlumatı alan təkcə DMV deyil, məsələn sizin Uber hesabınız var, aylıq sığorta haqqını ödəməməsiniz və ya müqaviləniz bitib və onu yeniləməməsiniz, Uber sığortanızı aktivləşdirənə qədər hesabınızı bağlayacaq.
- ABŞ-da daşıma və ya taksi xidməti kimi mövcud olan bir çox tətbiqləri sığortanız olmadan istifadə edə bilməzsiniz.
- Öncə də qeyd etdik ki, DMV-nin tələbi maliyyə məsuliyyətinin sübutudur, əgər sığorta almaq istəmirsinizsə, onda DMV-yə 35000 dollar bir-başa nağd depozit qoya və ya Kaliforniyada biznes fəaliyyətinə dair lisenziyası olan şirkətdən həmin həcmdə - 35 min dollarlıq zəmanət istiqrazı depozit edə bilərsiniz. DMV-nün 3-cü təklifi isə “özünü-sığorta” sertfikatıdır ki, bundan ötrü 2,2 milyon dollar xalis sərvətiniz və ən azı 20 maşından ibarət maşın parkınız olmalıdır. Məhz bu 3 faktora görə, texniki cəhətdən Kaliforniyada sığorta icbari deyil, könüllü hesab olunur.
Məqalənin müəllifi: Könül Soltanova, San-Xose, Kaliforniya, ABŞ