Insure.az onlayn sığorta portalı sığorta şirkətlərinin xidmət səviyyəsi və müştərilərə qarşı yanaşması üzrə formalaşmış reytinqinin yanvar və fevral ayı üçün olan nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, reytinq cədvəli daha əvvəllər paylaşılmış sığortaçıların reytinq cədvəlindən kəskin şəkildə fərqlənmir. Belə ki, əvvəllər olduğu kimi cədvəldə birinci və sonuncu yerlər dəyişilməz olaraq qalıb. Yenidən “A-Group Sığorta” cədvəlin ən yüksək və “AzərSığorta” isə sonuncu pilləsində qərar tutub.
“A-Group Sığorta” şirkəti fevral ayı ərzində də müştərilərin rəğbətini tam olaraq qazanmış şirkət kimi 32 balla cədvələ liderlik edir. Burada 31 balla onu izləyən “Atəşgah Sığorta” isə cədvəlin ikinci pilləsində mövqe tutub. Cədvəldə üçüncü və dördüncü yerlərdə 6 və 4 balla müvafiq olaraq “Qala Həyat Sığorta” və “Qala Sığorta” şirkətləri dayanıb. Hər biri 1 bal toplayan “Xalq Sığorta” və “Paşa Sığorta” şirkətləri isə beşinci yeri bölüşürlər.
Cədvəldə 6-11 yerləri bölüşən “Atəşgah Həyat Sığorta”, “Bakı Sığorta”, “AzRe Təkrarsığorta”, “Amrah Sığorta”, “İpək yolu Sığorta”, Standard İnsurance”, “Axa Mbask Sığorta”, “Rəvan Sığorta”, “Paşa Həyat Sığorta”, “Azərbaycan Sənaye Sığorta” və “Naxçıvan Sığorta” şirkətləri ya hər hansı rəy bildirilməməsi və ya bildirilmiş rəylərin öz təsdiqini tapmaması nəticəsində 0 bal toplamış və nəticədə cədvəlin 6-11 yerlərini formalaşdırmışlar.
Cədvələ əsasən “AzSığorta” -3, “Meqa Sığorta” və “Günay Sığorta -4, “AtaSığorta” -7 və “Azərsığorta” -13 balla fevral ayı ərzində xidməti mənfi dəyərləndirilən 5 şirkət olaraq müəyyən edilmişdir.
Insure.az onlayn sığorta portalı bundan sonra da sığorta şirkətlərinin reytinq cədvəlini paylaşmağa davam edəcəkdir. Odur ki, Insure.az portalı müştəriləri portala (www.insure.az) daxil olub əməkdaşlıq etdikləri sığorta şirkətlərinin xidmətini aktiv olaraq dəyərləndirməyə dəvət edir.
Reytinq cədvəlini aşağıda təqdim edirik:
"A-Qroup", "Atəşgah" və "Qala Həyat" öndədir - sığorta şirkətlərinin - YENİ REYTİNQİ AÇIQLANIB – SİYAHI
11:16
7 Mart 2019