İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Sənaye Parkında elektrikli avtobus istehsalının lokallaşdırılması layihəsi üzrə görülən işlər, qarşıdakı dövr üçün hədəflər müzakirə edilib.
Elektrik avtobuslarının yığılması ilə bağlı saziş imzalanıb
FED.az bu barədə İqtisadiyyat Nazirliynə istinadən xəbər verir.
Məlumata görə, nazir Mikayıl Cabbarov Çinin "BYD" şirkətinin Kommersiya nəqliyyat vasitələri şöbəsinin baş meneceri Tien Çunlon ilə görüşüb.
Bildirilib ki, son illərdə Azərbaycan və Çin arasında əməkdaşlıq sürətlə inkişaf edib. Prezident İlham Əliyevin Çinə dövlət səfəri çərçivəsində imzalanan bir sıra mühüm sazişlər və memorandumlar, o cümlədən "Hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat" əməkdaşlıq üçün geniş perspektivlər açır. Vurğulanıb ki, Çin şirkətlərinin Azərbaycanda həyata keçirdiyi sərmayə layihələri, eləcə də "Bir Kəmər, Bir Yol" təşəbbüsü çərçivəsində əlaqələr regional inteqrasiyanın güclənməsinə töhfə verir.
Görüşdə ölkəmizin iqtisadi prioritetlərinə nail olunması üçün həyata keçirilən tədbirlər, ölkənin sənaye potensialının gücləndirilməsi, "yaşıl" texnologiyaların tətbiqi, enerji səmərəliliyinin artırılması istiqamətində görülən işlər barədə məlumat verilib, tərəfdaşlıq üzrə yeni imkanlar, təcrübə və bilik mübadiləsi sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib. Yeni istehsal sahələrinə investisiya qoyuluşunun əlavə dəyər zəncirinin inkişaf etdirilməsində önəmi vurğulanıb. Sumqayıt Sənaye Parkında reallaşdırılan elektrik avtobuslarının istehsalının lokallaşdırılması layihəsi üzrə görülən işlər və qarşıdakı dövr üçün hədəflər nəzərdən keçirilib.