SOCAR və Britaniyanın "Petrofac" şirkəti birgə müəssisə yaradıb. Tərəflər artıq təsis müqaviləsi imzalayıblar.
“Birgə müəssisədə SOCAR-ın səhm payı 51%, "Petrofac" şirkətinin payı isə 49% nisbətində müəyyən edilib. Onun yaradılmasında məqsəd hər iki şirkətin öz imkanlarından istifadə edərək neftçilərin bilik və bacarıqlarının inkişafına dəstək verməkdir. Yeni şirkət Azərbaycanda və digər ölkələrdə həyata keçirilən enerji layihələri üçün əməkdaşların təkmil və müasir proqramlar əsasında təlimi üzrə xidmətlər göstərəcək”, - deyə "Petrofac” şirkətinin beynəlxalq injinirinq və istehsalat təlimi üzrə qlobal rəhbəri Karim Osserian qeyd edib.
SOCAR-ın məlumatına görə, treninqlər neft şirkətinin Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin infrastrukturundan istifadə olunmaqla təşkil ediləcək.
SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xaliq Məmmədov çıxışında bildirib ki, birgə müəssisənin yaradılması vaxtında atılmış çox mühüm addımdır. "Hazırlıq sahəsində xidmətlər göstərən məşhur “Petrofac” şirkəti ilə əməkdaşlıq həm SOCAR, həm də bütövlükdə sənaye üçün səmərəli və faydalı olacaq. Müəssisənin fəaliyyəti milli kadrların hazırlanmasına, gələcəkdə isə regionun kadr potensialının artırılmasına yönəldiləcək", - deyə o vurğulayıb.