Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi “SOCAR Turkey Enerji A.Ş.” “Petkim" limanının 5 saylı yanalma körpüsündə İtaliya gəmisində baş verən yanğınla bağlı açıqlama yayıb.
FED.az-ın məlumatına görə, açıqlamada qeyd edilib ki, iyul 1-i təxminən saat 23:20-də “Petkim" limanının 5 saylı yanalma körpüsünə maye hidrokarbon doldurmaq üçün yaxınlaşan İtaliya bayrağı altında üzən “Synzania” adlı gəmidə yanğın baş verib. Bildirilib ki, yanğının səbəbi hələlik məlum deyil.
Qeyd edilib ki, təcili müdaxilə nəticəsində yanğın söndürülüb, gəmidə soyutma əməliyyatları davam etdirilməkdədir. Bütün gəmi heyətinin təxliyyəsi təmin edilib. Hadisə nəticəsində gəmi üzvlərindən biri həyatını itirib, qazdan zəhərlənən bir nəfər isə müalicə və müayinə üçün xəstəxanaya yerləşdirilib. Bildirilib ki, yanğının səbəbi ilə bağlı araşdırmalar davam edir.