Karbamid zavodu layihəsinin təxminən 99 faizi icra olunub.
FED.az xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.
“2018-ci ildə istismara verilməsi planlaşdırılan Karbamid zavodunda ümumilikdə layihənin 98,5 faizi icra edilib. Əsaslı layihələndirmə və satınalma işləri tamamlanıb. Tikinti işlərinin isə 95 faizi artıq həyata keçirilib”, - deyə SOCAR-ın məlumatında deyilir.
Qeyd edək ki, Karbamid zavodunun inşası layihəsi “2008-2015-ci illərdə Azərbaycanda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”na əsasən hazırlanıb. Zavodun inşası zamanı 3 min nəfər, müəssisə fəaliyyətə başladıqdan sonra isə 500 nəfər işlə təmin olunacaq. Yanvarda SOCAR “Karbamid zavodu” layihəsinin maliyyələşdirilməsi üçün Koreya Respublikasının “İxrac-İdxal Bankı”ndan vəsait cəlb edib. Bank zavodun inşasına 500 milyon avro məbləğində kredit ayırıb.
Sumqayıtdakı Azot gübrəsi - karbamid istehsalı zavodunun layihəsi 2013-cü il martın 13-də SOCAR və Koreya Respublikasının “Samsung Engineering Co., Ltd.” şirkəti arasında imzalanan mühəndislik, satınalma və tikinti üzrə müqaviləyə əsasən həyata keçirilir. Daxili tələbatın tam ödənilməsi ilə yanaşı, gələcəkdə istehsal olunan karbamid məhsulunun müəyyən hissəsi Türkiyəyə və SOCAR-a məxsus Kulevi terminalı vasitəsilə dünya bazarlarına ixrac ediləcək. Zavod ammonyak, maye və dənəvər karbamid istehsalı bölmələrindən ibarət olacaq. Sutkada 2 min ton karbamid istehsal edən zavod kənd təsərrüfatının davamlı inkişafına böyük töhfə verəcək, işsizlik probleminin aradan qaldırılmasına müsbət təsir göstərəcək.
Layihənin dəyəri 700-750 milyon avro məbləğində qiymətləndirilir. Finlandiyanın “Neste Jacobs Oy” şirkəti “Karbamid zavodu” layihəsi üzrə layihənin idarəedilməsi və müstəqil təftiş xidmətləri göstərir.