Naxçıvan Sənaye Parkı fəaliyyətə başladıqdan sonra ölkədə qeyri-neft-qaz sənayesi məhsullarının istehsalının artmasına, ixrac coğrafiyasının genişlənməsinə, ən əsası bölgədə əhalinin məşğulluq səviyyəsinin yüksəlməsinə töhfə verəcək.
Naxçıvan Sənaye Parkı yaradıldı - FƏRMAN
FED.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov bildirib.
"Ölkə Prezidentinin 5 dekabr 2024-cü il tarixli fərmanı ilə ölkədə daha sənaye zonası yaradılır. Naxçıvan Sənaye Parkı ilə birlikdə sənaye zonalarının sayı 13-ə çatacaq. Onlardan 11-nin idarəçiliyi İqtisadi Zonaların İnkişafı Agentliyinə məxsusdur. Naxçıvanda sənaye zonasının yaradılmasında məqsəd ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şəraitin yaradılması, bu sahədə sahibkarlığın dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasıdır. Digər sənaye parklarında olduğu kimi Naxçıvan Sənaye Parkının rezidentləri də istehsal prosesini ekoloji tələblərə cavab verməklə həyata keçirəcəklər",- deyə o qeyd edib.
Agentlik rəsmisi xatırladıb ki, fərmanla yeni sənaye parkının ərazisi 310 hektar müəyyənləşdirilib: "Ölkəmizdə fəaliyyət göstərən digər sənaye parklarında olduğu kimi burada da sahibkarlar üçün stimullaşdırıcı tədbirlər həyata keçiriləcək. Rezidentlər dövlət vəsaiti hesabına hazır infrastrukturla (qaz, elektrik enerjisi, su, kanalizasiya, fiber-optik internet şəbəkəsi, daxili avtomobil yolları) təmin ediləcək, qeydiyyata alındıqları tarixdən 10 il müddətinə əmlak, torpaq, gəlir və yaxud mənfəət vergilərindən, həmçinin istehsal məqsədilə texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından azad olunacaql Parkın qurulmasında təşkilati, infrastruktur işləri tamamlandıqdan sonra sahibkarların sənaye parkının rezidenti kimi qeydiyyata alınması prosesinə başlanılacaq. Parkın rezidenti olmaq istəyən sahibkarlar öz biznes layihələrini Agentliyi təqdim edə bilərlər. Layihələrə baxıldıqdan sonra prioritet fəaliyyət istiqamətlərinə uyğun olan layihələrə rezidentlik statusu veriləcək".
S.Adıgözəlovun sözlərinə görə, indiyə qədər sənaye zonalarında investisiya kapitalı 7,88 milyard manat olan 157 sahibkarlıq subyektinə rezidentlik statusu verilib, bunlardan da 81-i artıq fəaliyyətə başlayıb: "İndiyə qədər sahibkarlar sənaye zonalarına 6,8 milyard manat investisiya yatırılıb və 10 580-dən çox daimi iş yeri yaradıb. Təkcə bu ilin 9 ayında isə sənaye zonalarına 223 milyon manat investisiya yatırılıb, 500-ə qədər daimi iş yeri yaradılıb. Növbəti mərhələdə mövcud layihələr üzrə sənaye zonalarına əlavə olaraq 1 milyard manatdan atıq investisiyanın yatırılması, 9 400-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur".
"Agentlik olaraq sahibkarların sənaye zonalarına cəlb edilməsi istiqamətinə mütəmadi olaraq işlər görürük. Bu ilin yanvar-oktyabr aylarında sənaye zonalarında 27 sahibkarlıq subyektinə rezident statusu verilib. Yeni rezidentlərin sənaye zonalarına ümumilikdə 213 milyon manatdan çox investisiya yatırması, 2 600-dən artıq daimi iş yeri yaratması nəzərdə tutulur", - deyə S.Adıgözəlov vurğulayıb.
2015-ci ildən 2024-cü il oktyabrın 1-nə qədər sənaye zonalarında 14,5 milyard manatlıq məhsul satılıb, bunun da 4,7 milyard manatlıq hissəsi ixrac edilib. Bu ilin ilin 9 ayında isə sənaye zonalarında 2,4 milyard manatlıq məhsul satılıb ki, bunun da 801,1 milyonluq hissəsi ixracın payına düşüb. Sənaye zonalarında istehsal edilən məhsullar 70-dən çox ölkəyə ixrac edilir. 9 ayda sənaye zonalarının qeyri-neft sənayesi məhsulları istehsalında xüsusi çəkisi 17,5 %, ixracında isə 26 % təşkil edib. (Report)