SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində Misirin “GeoEnergy” şirkətinin nümayəndələri ilə görüş keçirilib.
FED.az TTSİ-yə istinadla xəbər ki, görüş zamanı idarənin rəisi Fuad Süleymanov SOCAR-da həyata keçirilən kadr hazırlığı proqramından və xarici şirkətlərlə qurulmuş işgüzar əlaqələrdən danışıb.
Neft-qaz və neft-kimya sənayesində çalışan kadrların müasir səviyyədə hazırlanmasında idarənin nəzdində fəaliyyət göstərən təlim mərkəzlərinin rolunu vurğulayan F.Süleymanov bir sıra xarici akkreditasiya qurumları tərəfindən Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinə beynəlxalq lisenziyaların və sertifikatların təqdim edildiyini də diqqətə çatdırıb.
Səfərin tanışlıq məqsədi daşıdığını qeyd edən “GeoEnergy” şirkətinin nümayəndəsi Mona Elsayed Aladavi təmsil etdiyi qurumun fəaliyyəti, həyata keçirdiyi layihələr barədə danışıb, TTSİ-nin təlim mərkəzlərinin imkanlarından faydalanmaq niyyətlərini ifadə edib.
Tərəflər arasında qarşılıqlı fikir mübadiləsi aparılıb və əməkdaşlıq perspektivləri müzakirə olunub.
Sonra “GeoEnergy” şirkətinin əməkdaşları Kadr hazırlığının təşkili mərkəzinin resursları, həyata keçirilən tədris prosesi ilə tanış olublar.