Azərbaycanın boya, dolğu və dekorativ tavan künclüklərinin istehsalı ilə məşğul olan “Muradlı” MMC şirkəti Özbəkistana məhsul ixracına başlayıb.
FED.az xəbər verir ki, bunu “Muradlı MMC-nin icraçı direktoru Tural Mirzəyev deyib.
Onun sözlərinə görə, 1991-ci ildən fəaliyyət göstərən şirkət 2 ilə yaxındır ki, “Made in Azerbaijan” brendi altında istehsal etdiyi məhsulları xaricə satır. İlk ixrac ölkəsi Gürcüstan olsa da, təxminən iki ay əvvəl Qazaxıstana, bu yaxınlarda isə Özbəkistana ixrac başlayıb. Hazırda istehsalının 10 faizini ixraca yönəldən MMC bu göstəricini 50 faizə çatdırmağı hədəfləyir. Bunun üçün şirkət Rusiya və Türkiyə bazarlarına daxil olmağı planlaşdırır. Artıq Türkiyə bazarına daxil olmaq üçün aparılan danışıqlar son mərhələdədir. Şirkət bu ilin sentyabr ayından Türkiyəyə dekorativ tavan künclükləri ixrac etmək niyyətindədir.
Qeyd edək ki, “Muradlı” MMC 2006-cı ildən müxtəlif cür boya, dolğu və dekorativ tavan künclüklərinin istehsalı ilə məşğuldur. Gündəlik 45 tona qədər boya istehsal etmək gücü olan şirkət fəaliyyətini sifarişin həcminə uyğun olaraq təşkil edir. (Azərbaycan iqtisadiyyatı, Teleqram kanalı)