Azərbaycanda ikinci karbamid zavodunun tikintisi 640-650 mln. avroya başa gələ bilər. FED.az xəbər verir ki, bu barədə bu gün jurnalistlərə “SOCAR Carbamid Plant”ın baş direktoru Xəyal Cəfərov məlumat verib.
Eləcə də bax: Satışlar yaxşı gedir, qazancı 4 dəfə artıb – HESABAT
"Biz Sumqayıtda ikinci karbamid zavodunun tikintisinin birinci zavodla müqayisədə 20-25% ucuz başa gələcəyini gözləyirik. Onun dəyəri təxminən 640-650 mln. avro ola bilər", - deyə X.Cəfərov bildirib.
Onun sözlərinə görə, bu, layihənin vergidən azad edilməsi və hər iki zavodun vahid ümumzavod təsərrüfatına malik olması hesabına mümkün olacaq.
"İkinci karbamid zavodu birinci zavodla tam eynilik təşkil edəcək. Biz görürük ki, karbamidə böyük tələbat var. Mövcud zavodun potensialının modernizasiya yolu ilə artırılması mümkün olmadığından onun yaxınlığında analoji müəssisəsinin yaradılması qərara alınıb", - deyə baş direktor bildirib.
Onun sözlərinə görə, hər iki zavod vahid idarəetmə sisteminə malik olacaq. Yeni layihənin daha dəqiq dəyəri injinirinqdən sonra müəyyən ediləcək.
"Türkiyənin “Tekfen” şirkəti ilə yeni zavodun tikintisinə dair memorandum artıq imzalanıb və hazırda tərəflər bu layihənin həyata keçirilməsi üzrə danışıqlar aparırlar", - deyə X.Cəfərov əlavə edib.