Gələn il Sumqayıt Kimya Sənaye Parkında daha 7 zavod işə düşəcək.
FED.az xəbər verir ki, bu barədə prezident İlham Əliyev şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə bildirib.
Dövlət başçısı bildirib ki, Sumqayıt sənaye şəhəri kimi inkişaf edir. Şəhərdə Köhnədən qalan sənaye müəssisələrinin demək olar ki, hamısı artıq fəaliyyətini dayandırıb və bir neçə yüz hektarlıq həmin ərazidə sənaye parkları yaradılıb: «Sumqayıt Texnologiyalar Parkında 10, Sumqayıt Kimya Sənaye Parkında isə 13 zavod fəaliyyət göstərir və əlavə 7 zavod yəqin ki, gələn il fəaliyyətə başlayacaq. Sumqayıt Kimya Sənaye Parkında 20 rezident var. Qoyulmuş sərmayə milyardlarla dollar səviyyəsindədir. Onların arasında dövlət xətti ilə tikilmiş “SOCAR Polymer”, karbamid və digər zavodlar var.
Özəl sektor da çox böyük maraq göstərir. Ona görə Sumqayıt bu gün müasir sənaye şəhəridir, Cənubi Qafqazın ikinci sənaye şəhəridir. Sumqayıt müəssisələrində ildə təqribən 2 milyard manatlığa yaxın məhsul istehsal olunur. Ona görə Sumqayıt bundan sonra da müasir sənaye şəhəri kimi inkişaf edəcək».