Azərbaycanda qiymətli və yarımqiymətli metalların hasilatı üzrə dövlətin operatoru olan «Azergold» ASC-nin nəzarətində olan yataqların bir hissəsi dəyərsizləşib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkət öz yataqlarının imkanları, buradakı ehtiyatlar və onların çıxarıla bilmə imkanlarını əhatə edən araşdırmalar aparıb.
Bu araşdırmalarda ehtiyatların (məsələn, qızıl-gümüşün) qiyməti, valyuta məzənnələri, proqnozlaşdırılan kapital və istehsal xərcləri, ehtiyatlar və resursların həcmi və sair amillər nəzərə alınır.
Dəyərsizləşmə əlamətləri mövcud olduqda, yatağın bərpa edilə bilmə dəyərini müəyyən edir və yatağın balans dəyəri ilə müqayisə edilir.
Aparılan araşdırma nəticəsində «Göydağ», «Tutxun», «Çaykənd», «Kəpəz-Buzluq-Kürəkçay», «Narçala», «Bəşkənd», «Nəsirvaz» və «ZOD» yataqları üzrə əlaqəli aktivlərin tam dəyərsizləşdiyi müəyyən edilib. Bu yataqlarda dəyərsizləşmənin əsas səbəbi ehtiyatlarla bağlı qeyri müəyyənliyin olmasıdır.
Bu dəyərsizləşmə nəticəsində təkcə 10 milyon 430 min dollar məbləğində dəyərsizləşmə zərəri baş verib.














