Azərbaycanın qiymətli metalların istehsalı sahəsində əsas operatoru olan «Azergold» özü və törəmə şirkətlərinin 2024-cü ilin nəticələrini açıqlayıb.
Hesabatlardan aydın olur ki, ötən il «Azergold»un gəlirləri 135 milyon dollardan 182 milyon dollara yüksəlib. Bu 47 milyon dollar və ya 35% artım deməkdir.
Şirkət öz gəlirlərinin belə kəskin artımını qızılın satışın və qiymətlərin artımı ilə izah edir. Belə ki, 2024-cü ildə «Azergold»un qızıl satışları fiziki olaraq 9% artıb. Ümumiyyətlə 2024-cü ildə şirkət 70,5 min unsiya qızıl və 97,5 min unsiya gümüş satıb.
Satışın həcmi ilə yanaşı olaraq, qızılın özü də kəskin bahalaşıb və qiyməti 29% artıb.
Satışın maya dəyəri isə təqribən 21 milyon manat artaraq 2023-cü ildəki 93 milyon dollardan, 2024-cü ildə 114 milyon dollara artıb. Şirkət satışın maya dəyərinin yüksəlməsini yanacağın bahalaşması, inflyasiya, istifadə olunan materialların bahalaşması və əmək haqlarının artımı ilə izah edir.
Belə ki, 2024-cü ildə amortizasiya xərcləri təqribən 11 milyon dollar artaraq 46 milyon dolları keçib. Şirkətin bütün xərc artımının yarıdan çoxu amortizasiya xərclərinin payına düşüb. Bundan başqa, ötən il partlayış və daşınma xərcləri 2,7 milyon dollar artaraq 23 milyon dolları keçib. Material və kimyəvi reagent xərcləri isə 5,1 milyon dollar artaraq 11 milyon dollara yaxınlaşıb.
Nəticədə 2024-cü ildə şirkətin ümumi satış mənfəəti 68 milyon dollar olub, bu 2023-dən 26 milyon dollar artıqdır.
Şirkət bu vəsaitdən 27 milyon dollar inzibati və ümumi xərclərə sərf edib, daha 1,4 milyon dollar isə aktivlər üzrə dəyərsizləşməyə silinib. Eyni zamanda ötən il «Azergold» sair gəlirlər kimi, təqribən 4 milyon dollar əldə edib.
Maliyyə xərc və gəlirlərini, eləcə də 9 milyon dollar mənfəət vergisini nəzərə alanda, şirkətin illik xalis mənfəəti 33 milyon 22 min dollar təşkil edib. Bu 2023-cü illə müqayisədə 5,8 milyon manat və ya 21% artıqdır.
Amma 2024-cü ildə «Azergold»un fəaliyyətində ən çox diqqəti çəkən məqam onun öhdəliklərini kəskin azaltması, yəni borclarının böyük hissəsini bağlamasıdır. Ötən ilin nəticələrinə görə şirkətin aktivləri təqribən 20 milyon dollar artaraq 468 milyon dollardan 488 milyon dollara yüksəlib. Artım əsasən uzunmüddətli aktivlərin hesabına baş verib. Xüsusi liqqəti çəkən məqam – 2024-cü ildə «Azergold»un 49 milyon dollarlıq investisiya mülkiyyəti yaranıb.
Şirkətin fəaliyyətində diqqəti çəkən məqam onun öhdəliklərinin kəskin azalması olub. 2024-cü ildə «Azergold»un öhdəlikləri 62 milyon dollar və ya 40%-dən çox azalaraq 150 milyon dollardan 88 milyon dollara enib. Ötən il şirkət ilk növbədə uzunmüddətli borclarını 57 milyon dollardan 25 milyon dollara endirib.
Bundan başqa, ticarət kredit borcları 8 milyon dollar azalaraq 18 milyon dollardan 10 milyon dollara enib. Qısamüddətli borcları isə 11 dəfə azalaraq 35 milyon dollardan 3,1 milyon dollara enib.
Ümumilikdə 2024-cü ildə «Azergold»un mövcud bank kreditlərinin 69%-i və ya təqribən 65 milyon dollar tam şəkildə bağlanılıb. Nəticədə şirkətin borc/kapital nisbəti 0,29-dan bir qədər də azalaraq 0,07-yə qədər enib. Baxmayaraq ki, «Azergold»un işlədiyi dağ-mədən sənayesində şirkətlər üçün bu göstəricinin 1.00 səviyyəsində olması olduqca yaxşı sayılır, «Azergold»da bu göstərici daha yaxşıdır.
Yeri gəlmişkən, öhdəliklərin kəskin azalması ilə şirkətin kapitalı sürətlə (20%-dən çox) artaraq 400 milyon dollara yaxınlaşıb.