2025-ci ilin yanvar-avqust aylarında ölkəyə 38,5 ton qızıl idxal olunub.
Qiymətli metalların hasilatı yüksəldi, amma ehtiyatlar azaldı
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 18,6 ton və ya 93 faiz (1,9 dəfə) çoxdur.
Qızıl idxalının ümumi dəyəri 3 milyard 750 milyon dollar təşkil edib. Bu göstərici ötən ilin 1 milyard 509 milyon dollarlıq nəticəsini 2 milyard 241 milyon dollar və ya 148 faiz (2,5 dəfə) üstələyib.
Cari ilin yanvar-avqust aylarında Azərbaycana ən çox qızıl idxal edilən ölkələr arasında Rusiya, Böyük Britaniya, ABŞ, Avstraliya və Braziliya ön sıralarda qərarlaşıb. Bu dövrdə Rusiya Federasiyasından 6 783,68 kq qızıl idxal olunub, bu da 656,76 milyon dollar dəyərində məhsula bərabər olub. Böyük Britaniyadan gətirilən 4 860,9 kq qızılın dəyəri 481,27 milyon dollar, ABŞ-dan idxal edilən 4 453,16 kq qızılın dəyəri isə 458,84 milyon dollar təşkil edib. Avstraliyadan 4 120,75 kq həcmində 368,16 milyon dollarlıq, Braziliyadan isə 1 021,46 kq həcmində 953,12 milyon dollar dəyərində qızıl gətirilib.
Bu göstəricilərə əsasən, Braziliyadan gətirilən 1 kq qızılın orta qiyməti təxminən 932 min dollar, Rusiyadan idxal edilən 1 kq qızılın isə təxminən 97 min dollar olub.
Ən az qızıl idxal edilən ölkələr sırasında Zimbabve, Rumıniya, İsveç, Yaponiya və İtaliya yer alıb. Zimbabvedən cəmi 12,2 kq qızıl idxal olunub və onun dəyəri 1,13 milyon dollar olub. Rumıniyadan 48,12 kq (4,96 milyon dollar), İsveçdən 38,16 kq (4,1 milyon dollar), Yaponiyadan 149,89 kq (15,59 milyon dollar), İtaliyadan isə 296,48 kq (31,25 milyon dollar) qızıl gətirilib.
Xatırladaq ki, 2025-ci ilin yanvar–sentyabr aylarında ölkədə 2,3 ton qızıl istehsal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 596,9 kq və ya 34,1 faiz çoxdur.
Qızıl istehsalında müşahidə olunan artım fonunda hazır məhsul ehtiyatı isə əksinə, azalıb. Belə ki, 2025-ci il oktyabrın 1-nə olan vəziyyətə görə ehtiyat 142,2 kq təşkil edib, bu da ötən ilin 302,3 kq-lıq göstəricisindən 160,1 kq və ya təxminən 53 faiz azdır.