2024-cü ildən etibarən Azərbaycana gələn və ya xaricə gedən şəxslər şəxsi istifadə üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş reseptə yazılan dərman vasitələrini maneəsiz gətirə və apara bilərlər.
FED.az xəbər verir ki, bu, “Dərman vasitələri haqqında” Qanuna edilən və 2024-cü ildən qüvvəyə minən dəyişiklikdə əksini tapıb.
Qanuna əsasən, klinik protokollara əsasən xəstələrin müalicəsi üçün zəruri hesab olunan, lakin beynəlxalq patentləşdirilməmiş adı (təsiredici maddənin adı) ilə dövlət qeydiyyatına alınmayan dərman vasitəsi reseptdə yazıla bilər. Bu halda həmin dərman vasitəsinin tələb olunan miqdarı göstərilməklə resept sistem vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilir.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum iki iş günü müddətində həmin reseptin klinik protokollara və xəstənin elektron sağlamlıq kartındakı məlumatlara uyğunluğunu yoxlayır və nəticəsinə uyğun olaraq resepti elektron sistemdə təsdiq edir və ya təsdiqindən imtina edir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən resept təsdiq olunduqdan sonra reseptdə göstərilən dövlət qeydiyyatında olmayan dərman vasitəsi qanunun 9.4 və 9.6-cı maddəsinə uyğun olaraq ölkəyə gətirilə bilər.
Qeyd edək ki, «Dərman vasitələri haqqında» qanunun 9.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasına gələn və ya xaricə gedən şəxslər şəxsi istifadə üçün zəruri miqdarda dərman vasitələrini, o cümlədən Azərbaycanda dövlət qeydiyyatına alınmayan dərman vasitələrini, həmçinin bu Qanunun 9.6-cı maddəsində qeyd olunan dərman vasitələrini maneəsiz gətirə və apara bilərlər.
Qanunun 9.6-cı maddəsinə əsasən isə reseptə yazılan, amma dövlət reyestrinə daxil edilməyən dərman vasitələrini pasiyentin sifarişi əsasında topdansatış əczaçılıq müəssisələri, aptek təşkilatları və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) yalnız reseptdə yazılan miqdarda ölkəyə gətirə bilərlər.
Həmin dərmanları reseptin yazıldığı şəxsin özüə də ölkəyə gətirə bilər, amma dərmanların resept yazılan şəxs istisna olmaqla, ölkə ərazisində satışı qadağandır.