Dövlət xəstəxanaları tibbi məhsulların, dərman vasitələrinin və yüksək texnologiyalı tibbi avadanlıqların satın alınması prosesində problemlərlə qarşılaşır.
Əczaçılıq məhsullarının idxal dəyəri artıb, həcmi azalıb - 4 AYDA 170 MİLYON DOLLARLIQ İDXAL
FED.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Səhiyyə komitəsi sədrinin müavini Rəşad Mahmudov bildirib.
Deputat deyib ki, xüsusilə tibbi məhsulların, dərman vasitələrinin və yüksək texnologiyalı tibbi avadanlıqların satınalma mexanizmlərinin səhiyyənin spesifik xüsusiyyətlərinə uyğunlaşdırılması artıq zərurətə çevrilib:
“Son illər ölkəmizdə icbari tibbi sığortanın tətbiqi ilə səhiyyə sistemində yeni maliyyələşmə modeli formalaşıb. Bu modelin əsas fəlsəfəsi nəticəyə və performansa əsaslanan rəqabət mühitinin yaradılmasıdır. Xəstəxanalar göstərdikləri xidmətin keyfiyyətinə görə maliyyələşdirilir və daha yaxşı nəticələr əldə etmək üçün daha səmərəli idarə olunmalıdır. Lakin praktikada dövlət satınalmaları mexanizmi bu məqsədlərə tam uyğun gəlmir. Bu gün dövlət tibb müəssisələrinin demək olar ki, hamısı eyni problemlə qarşılaşır. Satınalma prosesləri bəzən üç ay müddətinə planlaşdırıldığı halda altı, səkkiz, hətta doqquz aya qədər uzanır. Nəticədə xəstəxanaların gündəlik fəaliyyəti çətinləşir, tibbi xidmətin fasiləsizliyi isə risk altına düşür.
Digər mühüm məsələ ondan ibarətdir ki, tibbi məhsullar və dərman vasitələri adi istehlak malları deyil. Onların keyfiyyəti yalnız sənədlərlə deyil, klinik nəticələrlə qiymətləndirilir. Bəzən uzunmüddətli satınalma prosedurlarından sonra alınmış məhsullar praktik istifadədə gözlənilən nəticəni vermir. Lakin mövcud mexanizmlər həmin məhsulların daha keyfiyyətli alternativlərlə çevik şəkildə əvəz olunmasına imkan yaratmır. Bu isə həkimlərin peşəkar seçim imkanlarını məhdudlaşdırır və nəticədə həm xəstələrin sağlamlığını, həm də dövlət vəsaitinin səmərəli istifadəsini risk altına qoyur.
Əslində isə icbari tibbi sığortanın mahiyyəti xəstəxanalara ən optimal qiymətə, ən yüksək keyfiyyətli məhsulu seçmək imkanı yaratmaq idi. Çünki səhiyyədə əsas rəqabət qiymət uğrunda deyil, müalicənin nəticəsi uğrundadır.
Hesab edirəm ki, tibbi məhsulların, dərman vasitələrinin və yüksək texnologiyalı tibbi avadanlıqların satınalma mexanizmlərinə ayrıca yanaşılmalıdır. Burada çeviklik, keyfiyyət, klinik effektivlik və xəstə təhlükəsizliyi meyarları daha geniş nəzərə alınmalıdır.
Əminliklə deyə bilərəm ki, bu problem ayrı-ayrı qurumların deyil, müxtəlif dövlət qurumlarının səlahiyyətlərinin kəsişdiyi və koordinasiyalı yanaşma tələb edən sistem xarakterli bir məsələdir. Satınalmaların təşkili, maliyyələşdirilməsi, xəzinədarlıq nəzarəti və tibb müəssisələrinin idarə olunması müxtəlif dövlət institutlarının səlahiyyətlərinə aid olduğundan, bu istiqamətdə aparılacaq islahatların da yalnız qarşılıqlı əməkdaşlıq və vahid yanaşma əsasında uğurlu nəticə verəcəyinə inanıram.
Ümid edirəm ki, gələcəkdə aidiyyəti dövlət qurumları, Milli Məclisin müvafiq komitələri və səhiyyə ictimaiyyəti birlikdə bu istiqamətdə daha çevik, daha səmərəli və səhiyyənin xüsusiyyətlərinə uyğun hüquqi mexanizmlərin hazırlanmasına nail olacaqlar”. (Apa)














