Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Svetlana Məmmədova küçəsi, ev 205 B ünvanında fəaliyyət göstərən və “ANC Group” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olan “Rahat” marketdə planlı yoxlama aparılıb.
“Wolt Market”də vaxtı keçən qida məhsulları - AŞKARLANDI
Bu barədə FED.az-a AQTA-dan məlumat verilib. Bildirilib ki, yoxlama zamanı ticarət obyektində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla sanitariya norma və qaydalarının bir sıra tələblərinin pozulması faktları müəyyən edilib. Belə ki, marketdə satışı həyata keçirilən bəzi məhsulların etiketlənməsinin dəqiq həyata keçirilmədiyi və çirklənmədən mühafizə olunmadığı, eləcə də yararlılıq müddəti bitmiş malların olduğu aşkarlanıb. Həmçinin ticarət obyektinin anbarının quruluşunun və yerləşmə vəziyyətinin qabaqcıl gigiyena təcrübəsinin tətbiqinə imkan vermədiyi, təmiz saxlanmadığı, rütubətli olduğu, yoxlamadan keçmiş ölçmə vasitələri ilə təmin edilmədiyi aşkar olunub. Anbarda məhsulların qaydalara uyğun saxlanmadığı və işıqlandırma lampalarının qoruyucu örtüklərlə təchiz edilmədiyi də məlum olub. Eyni zamanda, marketdə qida ilə təmasda olan səthlərin üzlənməsində hamar, yuyula bilən, korroziyaya davamlı və qeyri-toksik materiallardan istifadə edilmədiyi, işçilər üçün soyunma-geyinmə otağının dolablarla və sanitar-məişət avadanlıqları ilə təchiz olunmadığı, təmizlik alətlərinin, yuyucu maddələrin və dezinfeksiyaedici vasitələrin qida məhsullarının olduğu yerlərdə saxlandığı aşkarlanıb.
Aşkar edilmiş nöqsanlarla əlaqədar protokol tərtib olunub, bəzi məhsulların satışı qadağan edilib və ticarət obyektinin anbarının fəaliyyəti məhdudlaşdırılıb.