ABŞ-ın "Pfizer Inc" şirkəti yeni növ koronavirusun (Covid-19) müalicəsi üçün həb hazırlayıb. Şirkət "Paxlovid" adlı dərmanının yüksək riskli xəstələrdə xəstəxanada yatmağı və ölümləri 89% azaltdığını açıqlayıb.
Eləcə də bax: Britaniya COVID-19-un müalicəsi üçün hazırlanmış ilk dərman vasitəsini - TƏSDİQLƏYİB
Dərman istehsalçısı "Pfizer" cümə günü yaydığı açıqlamada, təcili istifadə icazəsi almaq üçün mümkün olan ən qısa müddətdə ABŞ qurumlarına müraciət ediləcəyini bildirib.
FED.az şirkətin yaydığı məlumata istinadən xəbər verir ki, 1219 peyvənd edilməmiş yetkin üzərində tətbiq olunan 5 günlük dərman müalicəsi zamanı, semptomların başlaması üzərindən keçən 3-cü ya da 5-ci gündən etibarən qəbul edildiyi vəziyyətdə xəstəxanada yatmaq nisbəti kəskin azalıb. "Paxlovid" adlı dərman virusun özünü çoxaltmasının qarşısını alır.
Testlər nəticəsində xəstələnmələri üzərindən 3 gün keçdikdən sonra müalicəsinə başlanan şəxslərin yalnız 0,8%-i xəstəxanaya aparılıb və kimsə ölməyib.
"Pfizer"in səhmləri bazarlar açılmadan əvvəlki əməliyyatlarda sürətli şəkildə bahalaşıb.
ABŞ-ın "Pfizer" şirkəti Almaniyanın "BionTech" şirkətilə birlikdə koronavirusa qarşı peyvənd də kəşf ediblər.
Sentyabr ayının son günlərində "Pfizer" məlumat yayaraq koronavirus dərmanı üçün işlərin başladığını açıqlamışdı.
Xatırladaq ki, bir müddət əvvəl ABŞ-ın digər dərman şirkəti "Merck & Co" kəşf etdiyi "Molnupiravir" adlı koronavirus dərmanının ölüm və ya xəstəxanaya yatmaq riskini təxminən 50% azaltdığını bildirmişdi.
(Marja)