Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən “Araz su” içməli su emalı müəssisəsində plandankənar yoxlama həyata keçirilib.
Nöqsanlar aşkarlanan pendir sexinin fəaliyyəti məhdudlaşdırıldı - FOTO
Agentlikdən FED.az-a bildirilib ki, baxış zamanı müəssisədə mərkəzləşdirilmiş su sistemindən gələn suların (əhaliyə verilən su) filtr edilməklə qablaşdırılmasının həyata keçirildiyi, qida sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb.
Aşkar edilən nöqsanlarla bağlı müəssisədə suyun emalının qadağan olunması və qablaşdırılmış suların satışının dayandırılması barədə məhdudlaşdırıcı qərar qəbul edilib və müəssisənin rəhbəri barəsində protokol tərtib olunub.
Eyni zamanda, “Araz su” əmtəə nişanlı içməli sudan nümunələr götürülərək müayinələrin aparılması üçün Agentliyin tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.
Agentlikdən qeyd edilib ki, bəzi hallarda bu sahədə fəaliyyət göstərən subyektlər mərkəzləşdirilmiş su sistemindən gələn suları qablaşdırıb, məhsulun üzərində dağların və bulaqların təsvirlərini göstərməklə, etiket məlumatında həmin suların müxtəlif təbii mənbələrdən, bulaqlardan gətirildiyini qeyd edərək istehlakçıların aldadılmasına yol verirlər.
"Eyni zamanda, bəzi hallarda belə müəssisələr zirzəmilərdə və ya kiçik obyektlərdə qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərir və məhsullarını yalnız evlərə və ya iş yerlərinə satırlar. Bu da müvafiq nəzarət işlərinin təşkilində istehlakçıların iştirakını zəruri edir. Bu sahədə fəaliyyət göstərən sahibkarlardan qanunvericiliyin tələblərinə ciddi əməl etmək və istehlakçı hüquqlarını pozmadan fəaliyyət göstərmək tələb olunur. İstehlakçılardan isə sifariş verdikləri qablaşdırılmış içməli sularda hər hansı uyğunsuzluq və şübhəli hallar aşkar edildikdə, dərhal Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş olunur", - məlumatda bildirilib.