Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) ət və ət məhsullarının istehsalı, emalı, ixracı və idxalı ilə məşğul olan sahibkarlarla görüş keçirilib.
AQTA tərkibində problem olan kolbasa-sosiska məhsullarını açıqlayıb - SİYAHI
Bu barədə FED.az-a AQTA-dan məlumat verilib.
Tədbir ət və ət məhsullarının istehsalı, emalı, ixracı və idxalı sahəsindəki vəziyyəti bir daha nəzərdən keçirmək, bu sahədə fəaliyyət göstərən sahibkarlarla əməkdaşlığı daha da genişləndirmək, onları mövcud qanunvericilik və tələblər barədə məlumatlandırmaq, işlərinin beynəlxalq tələblərə uyğun təşkilinə kömək göstərmək, həmçinin təkliflərini dinləmək və müvafiq işlərin həyata keçirilməsini təmin etmək məqsədilə təşkil olunub.
Görüşdə AQTA sədri Qoşqar Təhməzli qida təhlükəsizliyi, o cümlədən ət və ət məhsullarının istehsalı, emalı, ixracı və idxalı sahəsində qarşıya qoyulan tələblər və həyata keçirilən tədbirlər, eləcə də ticarət şəbəkələrində qida təhlükəsizliyinə nəzarətin təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə geniş məlumat verib.
O bildirib ki, 2023-cü il yanvarın 1-dən qüvvəyə minən “Qida təhlükəsizliyi haqqında” qanuna əsasən, qida məhsullarının ölkəyə idxalı ilə bağlı tələblərdə dəyişikliklər edilib.
Q.Təhməzli qanunun tələblərinin icrası ilə bağlı sahibkarlıq subyektləri tərəfindən lazımi tədbirlərin görülməsinin və onların işlərini müasir tələblərə və qaydalara uyğunlaşdırmasının zəruriliyini diqqətə çatdırıb.
AQTA sədri eyni zamanda qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə müayinələrinin aparılması üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) laboratoriyalarının ən müasir cihaz və avadanlıqlarla təchiz edildiyini vurğulayıb.
Tədbirdə ölkədə kolbasa və sosiska məhsulları üzrə, eləcə də respublika ərazisində quşların yetişdirilməsi və kəsimi sexlərində aparılan nəzarət tədbirləri barədə də məlumat verilib. Bildirilib ki, ölkə ərazisində fəaliyyət göstərən ticarət şəbəkələrindən kolbasa və sosiska məhsullarından nümunələr götürülərək müayinə üçün AQTİ-nin müvafiq laboratoriyalarına təqdim olunub. Cari dövr ərzində 57-si kolbasa, 32-si sosiska olmaqla, ümumilikdə 89 adda məhsuldan nümunə götürülüb. Nümunələrin sınaq nəticəsinə əsasən, 80 məhsuldan götürülən nümunə normativ sənədlərin tələblərinə cavab verib. 6 istehsalçıya məxsus 9 məhsulda (6-sı kolbasa, 3-ü sosiska) uyğunsuzluqlar müəyyən edilib ki, bunlardan 4 məhsulda (3-ü kolbasa, 1-i sosiska) uyğunsuzluq təhlükəsizlik göstəriciləri, 5-də isə (3-ü kolbasa, 2-si sosiska) etiket məlumatları ilə bağlıdır.
Görüşün sonunda sahibkarların fikir və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb, aidiyyəti üzrə müvafiq göstərişlər verilib.