Ölkə üzrə muzdlu işçi sayında ümumi artım qeydə alınsa da, bəzi rayon və şəhərlərdə azalma meyli müşahidə olunub.
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Statistik məlumatlara əsasən, hesabat dövründə 10 rayon və şəhərdə işçi sayının ötən illə müqayisədə aşağı düşdüyü müəyyən edilib.
Ən kəskin azalma göstəricisi Şuşa rayonu üzrə qeydə alınıb. Burada muzdlu işçilərin sayı 2 735 nəfərdən 1 975 nəfərə düşərək 27,8 faiz azalıb. Laçın rayonu üzrə işçi sayı 679 nəfər azalaraq 9,3 faiz, Şərur rayonu üzrə isə 530 nəfər azalaraq 6,9 faiz eniş nümayiş etdirib.
Muzdlu işçilərin sayı Bərdə rayonu üzrə 1 113 nəfər (6,7 faiz), Culfa rayonu üzrə 259 nəfər (6,6 faiz) və Beyləqan rayonu üzrə 601 nəfər (5,9 faiz) azalıb. Şirvan şəhəri üzrə bu göstərici 867 nəfər (5,6 faiz), Şahbuz rayonu üzrə isə 155 nəfər (5,5 faiz) təşkil edib.
Azalma qeydə alınan digər bölgələr arasında Oğuz rayonu 5,4 faiz (271 nəfər) və Qax rayonu 5,3 faiz (509 nəfər) göstərici ilə yer alıb.











