2026-cı il yanvarın 1-i vəziyyətinə Azərbaycanda muzdlu işçilərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 27 min 686 nəfər və ya 1,6 faiz artıb.
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Ölkə üzrə muzdlu işçilərin ümumi sayı 1 milyon 808 min 27 nəfər təşkil edir.
Hesabat dövründə ən yüksək artım tempi işğaldan azad edilmiş ərazilərdə müşahidə olunub. Ağdərə rayonu üzrə muzdlu işçilərin sayı 125 nəfərdən 394 nəfərə yüksəlməklə 3,1 dəfə artım qeydə alınıb. Xankəndi şəhəri üzrə işçi sayı 63,6 faiz artaraq 1 327 nəfərə, Xocalı rayonu üzrə isə 17 faiz artaraq 1 577 nəfərə çatıb.
İri şəhər və sənaye mərkəzlərində işçi sayının mütləq göstəricilərində də yüksəliş izlənilib. Sumqayıt şəhəri üzrə muzdlu işçilərin sayı 3 866 nəfər (6,3 faiz), Abşeron rayonu üzrə isə 3 260 nəfər (6,6 faiz) artıb.
Digər bölgələr üzrə artım dinamikası ölkə ortalamasından yüksək olub. Belə ki, Ağstafa rayonu üzrə 8,1 faiz, Cəbrayıl rayonu üzrə 6,9 faiz, Füzuli rayonu üzrə 6,4 faiz və Şabran rayonu üzrə 5,1 faiz artım qeydə alınıb. Ümumilikdə ölkənin əksər inzibati ərazi vahidlərində muzdlu işçi sayının artım meyli davam edir.











