2019-cu ildə özünü maliyyələşdirən rayon və şəhərlərin sayı 34-ə çatacaq. Bunu maliyyə naziri Samir Şərifov deyib.
«2019-cu ildə Azərbaycanın 34 rayonu özünümaliyyələşdirmə sisteminə keçəcək», - deyə o, bu gün parlament komitələri tərəfindən gələn ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.
Nazirin sözlərinə görə, 2019-cu ildə rayonların gəlirləri 736,8 mln. manat, xərcləri 840,8 mln. manat təşkil edəcək. «Beləliklə, qalan rayonların xərclərinin ödənilməsi üçün gələn ilin dövlət büdcəsindən 104 mln. manat ayrılacaq», - deyə S.Şərifov vurğulayıb.
Büdcə materiallarına əsasən gələn il Gəncə, Lənkəran, Naftalan, Mingəçevir, Sumqayıt, Şəki, Şirvan, Yevlax şəhərlərinə və 26 rayona dövlət büdcəsindən maliyyə yardımı ayrılmayacaq.