“İyunun 15-də Laçın sərhəd-buraxılış məntəqəsinin atəşə tutulması ilə yanaşı, erməni əsilli sürücülərin Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus nəqliyyat vasitələrində qaçaqmalçılıq məhsullarını Azərbaycana gətirmək səyləri Ermənistan tərəfinin Azərbaycanın suverenliyinə müdaxilə edən cəhdlərdən və qeyri-qanuni fəaliyyətlərdən əl çəkmək niyyətinin olmadığını göstərir”.
FED.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Draqana Kojiç ilə görüşdə deyib.
Nazir BQXK-nin iyulun 11-də yaydığı açıqlamada bəyan edilməmiş məhsulların keçirilməsi fəaliyyətlərini dəstəkləmədiyini diqqətə çatdırmasının və belə yükləri daşıyan nəqliyyat vasitələrinin sürücülərinin xidməti müqavilələrinə xitam verilməsinin qeydə alındığı və təqdirəlayiq olduğu bildirib.
C.Bayramov gələcəkdə bu kimi halların qarşısının alınmasının zəruri olduğu vurğulayıb.