Azərbaycanın azad edilən ərazilərinə avtobus reysləri başlayıb.
FED.az xəbər verir ki, bu gün - yanvarın 24-də yeni marşrutların işə düşməsi ilə bağlı açılış mərasimində Azərbaycan Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayev bildirib ki, ilk olaraq Şuşaya 2 reys, Ağdama iki reys, 4 reys isə Əhmədbəylidən start verib. Onun sözlərinə görə, səyahət etmək istəyənlərin sayı yüksəkdir. «Şuşaya yol 6 saat 30 dəqiqə, Ağdama isə 6 saatdır. Şuşa və Ağdamda ziyarət üçün 2 saat yarım vaxt ayrılır ki, oradakı yerləri gəzmək mümkün olsun. Bundan sonra avtobus eyni sərnişinlərlə geri dönəcək» (Report).
Xat;rladaq ki, reyslər Əhmədbəyli-Şuşa marşrutu üzrə həftədə 4 dəfə, digər istiqamətlər üzrə isə 2 dəfə olmaqla təşkil edilir. Füzuli Beynəlxalq Hava Limanı-Şuşa avtobus marşrutunun fəaliyyəti təyyarə aviareysləri ilə uzlaşdırılacaq.
Bakıdan Şuşaya bir istiqamətdə bilet 10,4 manat, Ağdama 9,4 manat, Əhmədbəylidən Şuşaya (express) bir istiqamətə bilet 7 manat, Bərdədən Ağdama bir tərəfə bilet 5 manat, Füzuli aeroportundan isə Şuşaya (express) bir tərəfə bilet 6 manat təşkil edir .