Prezident İlham Əliyev yanvarın 15-də Füzuli rayonunda hava limanının təməlini qoyub. Amma bu, Qarabağda inşa olunacaq yeganə aeroport deyil. Kəlbəcər-Laçın bölgəsində də hava limanının tikintisi planlaşdırılır. Bəs yeni aeroportlar bölgənin inkişafına nə vəd edir?
Eləcə də bax: “Buradan Şuşaya rahat gedə biləcəklər” - Video
"Qarabağa turist axını olacaq"
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, yeni hava limanları Qarabağın ətraf aləmlə, o cümlədən digər ölkələrlə inteqrasiyasını sürətləndirəcək, bölgəyə turist axını olacaq: "Qarabağ iqtisadiyyatın bir sıra sahələri üzrə zəngin potensiala malikdir. Həmin sahələrdən biri turizmdir. Yeni hava limanları Qarabağa getmək istəyən ölkə və xarici vətəndaşların işini asanlaşdıracaq".
"Bölgənin bazarlara çıxış imkanları yaxşılaşacaq"
Bundan başqa, millət vəkilinin sözlərinə görə, yeni hava limanları Qarabağın digər bazarlara çıxış imkanlarını yaxşılaşdıracaq: "Bu regiona xarici investisiyalar cəlb etmək üçün stilmullaşdırıcı tədbirlər hazırlanır. Həmin ərazinin digərlərinə inteqrasiyası baxımından hava nəqliyyatının bir hissəsi olan hava limanlarının tikilməsi sürətli inkişafa səbəb olacaq. Eyni zamanda, orda yaşayan insanların kommunikasiyasının daha sürətli və daha ucuz başa gəlməsinə şərait yaranacaq.
hazırda nəqliyyat infrastrukturunun inkişafı iqtisadiyyatın sürətli inkişafında hazırda mühüm rol oynayır. Nəzərə alsaq ki, məhsulların və işçi qüvvəsinin hərəkəti də iqtisadiyyatda dinamizmi təmin edən əsas amillərdir, bu baxımdan hava limanlarının tikintisi nəqliyyat infrastrukturunun inkişafına yatırılan ən effektiv investisiya kimi dünya iqtisadiyyatında qəbul edilib. Bu gün sürətli nəqliyyat dedikdə məhz hava nəqliyyatının inkişafı nəzərdə tutulur. Getdikcə bu nəqliyyat növünün daha da ucuzlaşması və texnoloji cəhətdən inkişaf etdirilməsi gözlənilir”. (Report)