Şuşa şəhərində ilk yaşayış kompleksinin tikintisi prosesi bir il-il yarım çəkəcək, bundan sonra isə mülki əhalinin şəhərə qaytarılması prosesinə start veriləcək.
FED.az xəbər verir ki, bunu Prezident İlham Əliyev deyib.
“Biz çox böyük sürət götürmüşük və əsas məqsədimiz keçmiş qaçqınları və köçkünləri tezliklə öz yurdlarına qaytarmaqdır, onlar hədsiz çox gözləyiblər. Ağdam şəhərinin bərpası artıq başlanıb, baş plan təsdiq edilib. Şuşa şəhərinin baş planı təsdiq edilib. Bu yaxınlarda Şuşada 25 evdən ibarət yeni yaşayış kompleksinin təməlini qoymuşam. Mənim fikrimcə bir il, maksimum il yarım ərzində həmin evlər tikiləcək və biz şuşalıları oraya qaytara biləcəyik”, - deyə Əliyev Rusiyanın “Nasionalnaya oborona” jurnalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Azərbaycan hökuməti erməni işğalından azad edilmiş ərazilərdə həyata keçirilən işlərin maliyyələşdirilməsi üçün 2021-ci ilin büdcəsində $1,3 milyard nəzərdə tutub. “Bu məbləğin təqribən 400 milyon dolları hələlik bölünməyib, çünki biz bütün qaydalara - tender, planlaşdırma, layihələndirmə prosedurlarına riayət edirik”, - deyə o qeyd edib.
Əliyev bildirib ki, Ermənistan tərəfi Azərbaycan ərazilərinin işğalı zamanı həmin torpaqlarda hər şeyi tamamilə dağıdıb. “Mən Bakıdan Füzuliyə, Cəbrayıla, Zəngilana, Qubadlıya, Laçına qədər və digər istiqamətdə Kəlbəcər və Laçın tərəfdən yüzlərlə kilometr yol qət etmişəm, orada hər şey dağıdılıb. Dağıntıların miqyası elədir ki, insan, sadəcə, mat qalır. Axı, bu ərazi sahəsinə görə Livana bərabərdir. Təsəvvür edin, dünyada heç də ən kiçik olmayan bir ölkənin Livanın ərazisinə bərabər ərazini tikmək, abadlaşdırmaq lazım gələcək. Bunu, sadəcə, təsəvvür etmək üçün dedim. Orada heç nə yoxdur, nə yol var, nə işıq, nə qaz, nə su. Heç nə. Tamamilə heç nə. Hamısı dağıdılıb və bunlar Birinci Qarabağ müharibəsi dövründə deyil, işğal dövründə dağıdılıb. Onlar orada daşı-daş üstündə qoymayıblar. Məqsədləri bir olub – biz heç vaxt oraya qayıtmayaq. Onların digər məqsədi isə həmin daşlardan istifadə etmək, bu daşları satmaq olub. Onlar hətta qəbirüstü daşları da satıblar. Vəfat etmiş azərbaycanlılara aid yazıları pozub, daşları Ermənistanda satıblar. Bu məzarüstü daşlardan özlərinin vəfat edənləri üçün istifadə ediblər. Belə bir vandalizmin miqyası təsvirə gəlmir. Onlar məzarları dağıdır, ölülərin ağızlarındakı qızıl dişləri çıxarır, əridir və satırdılar. Təsəvvür edin bu, kimin ağlına gələr. Bax, biz belələrinə qalib gəlmişik. Mən demişəm, biz, sadəcə, ərazi bütövlüyümüzü bərpa etməmişik, biz çox böyük bir şər qüvvəyə qalib gəlmişik. Ümidvaram ki, bu şər qüvvə daha heç vaxt başını qaldırmayacaq. Hər halda biz imkan verməyəcəyik ki, onlar başlarını qaldırsınlar”, - deyə dövlət başçısı vurğulayıb.
O qeyd edib ki, indi bölgədə genişmiqyaslı işlər aparılır, ilk növbədə, elektrikləşmə işləri. “Biz azad olunmuş bütün əraziləri artıq bu ilin sonuna qədər elektrik enerjisi ilə tam təmin edəcəyik. Laçında, Kəlbəcərdə və Suqovuşanda gücü 20 meqavat olan su elektrik stansiyaları bərpa edilib, artıq onlar enerji verir. Bütün istiqamətlərdə yollar çəkilir. Şuşaya Zəfər yolu, həmçinin Füzuli-Şuşa ikinci magistral avtomobil yolu çəkilir, bu yol daha qısa olacaq. Zəngilanda, Qubadlıda Ermənistan sərhədinə qədər yollar, Göygöldən Kəlbəcərə tunel yolu çəkilir. Bu yaxınlarda orada olmuşam, yoxlama aparılıb. Üstəgəl Füzulidən Ağdama, Füzulidən Hadruta, Cəbrayıla gedən yollar. Yəni, bu şəhərlər arasında əlaqə yaradılacaq”, - deyə prezident əlavə edib.