Türkiyə ərazisində avqustun 2-dən etibarən qadağa qoyulan “Instagram” sosial şəbəkəsi yenidən fəaliyyətə başlayıb.
FED.az xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülkadir Uraloğlu bildirib.
Nazir bildirib ki, “Instagram”la bağlı qadağa 10 avqust, axşam saat 21:30-dan etibarən ləğv olunub. «İnstagram»ın sahibi olan «Meta»nın Türkiyə rəsmiləri ilə danışıqlarında razılıq əldə edilməsindən sonra sosial şəbəkənin fəaliyyəti bərpa olunub.
Bu danışıqlarda Türkiyə tərəfi elən edib ki, şəbəkə Türkiyə qanunvericiliyinə hörmətlə yanaşmalı, burada göstərilən tələblərə əməl eğməlidir. “Instagram” rəsmiləri Türkiyənin tələblərini yerinə yetirəcəklərinə dair öhdəlik götürdükdən sonra qadağa ləğv edilib.
Qeyd edək ki, Türkiyədə "Instagram" şəbəkəsi ilə bağlı problem "Hamas" lideri İsmail Haniyenin İsrail tərəfindən öldürülməsindən sonra başlayıb. Xatırladaq ki, Türkiyədə bu hadisə ilə bağlı matəm elan edilmişdi, amma "Instagram"da bununla bağlı postlar paylaşılanda şəbəkə həmin postlara qadağa qoyub. Bunun cavabında Türkiyə tərəfi "Instagram"ı tamamilə qadağan edib.
İndi isə əldə edilmiş razılığa əsasən «Instagram» Türkiyədə qaydalarını Türkiyə qanunvericiliyinə görə nizamlayacaq. Bundan başqa, Türkiyədə terror təşkilatı olaraq tanınan qurumların paylaşımı pozulacaq. Bundan başqa, «Instagram» türk vətəndaşlarının hesablarını xəbərdarlıq edilmədən birbaşa silə bilməyəcək.
İnstagram Türkiyədə işə düşən kimi, ilk paylaşım İsmail Haniyenin fotosu və onunla bağlı baş sağlığı olub.