Azərbaycan beynəlxalq hüququn prinsiplərinə uyğun şəkildə Ermənistanın ölkəmizə ödəməli olduğu təzminatın məbləğinin maksimal təsdiqinə nail olmalıdır.
Eləcə də bax: İqtisadçı Zəngəzurun Azərbaycana təzminat əvəzində verilməsini - Mümkün Sayır
FED.az xəbər verir ki, bunu Trend-ə iqtisadçı ekspert Eldəniz Əmirov deyib.
Onun sözlərinə görə, Ermənistanın ödəməli olduğu təzminatın 50 milyard dollar həcmində göstərilməsi həqiqəti əks etdirmir:
"30 ilə yaxın müddətdə Ermənistanın vurduğu zərərin məbləği bir trilyon dolları ötdüyü halda niyə təzminat məbləğinin 50 milyard dollar həcmində olması haqqında fikirlər tez-tez səsləndirilir?! Aydın məsələdir ki, söhbət bu trilyonluq zərərin bütünlüklə təzminata aid edilməsindən getmir. Təzminatın ayrıca hesablanma mexanizmi var. Amma yenə də bu məbləğ 50 milyard dollardan dəfələrlə böyük olmalıdır. Gəlin, təzminatın tərkib strukturunda yer ala biləcək istiqamətləri xatırlayaq: 30 il müddətində istismar etdikləri torpaqlarımıza və yeraltı sərvətlərimizə görə təzminat, dağılmış infrastruktura görə təzminat, 27 senyabrda başlamış müharibə xərclərimizə və itkilərimizə görə təzminat, fərdi şəxslərin iddialarına görə təzminat, ekoloji terrora görə təzminat və s. Bu siyahını uzatmaq olar. Təkcə infrastrukturun bərpası üçün ilkin qiymətləndirilmələrdə 50 milyard dollara yaxın vəsait tələb olunursa, bu qədər məbləğ ümumi təzminat üçün səsləndirilməməlidir. Təzminat və infrastrukturun bərpa xərcləri konqruyent ola bilməz".
E.Əmirov hesab edir ki, “Ermənistan müflis durumdadır”, “Verməyə pulu yoxdur” və s. kimi səbəblərə görə real təzminat məbləğindən yayınmaq olmaz. Onun bu təzminatı ödəmək qabiliyyətinin olub-olmaması sonrakı məsələdir. Bu gün biz sübut edə biləcəyimiz maksimal təzminat hesabatı hazırlayıb, beynəlxalq səviyyədə təsdiqinə nail olmalıyıq.
Ekspertin sözlərinə görə, beynəlxalq təcrübə onsuz da bunu göstərir ki, təzminat məsələsində zərərçəkmiş tərəfin iddia etdiyi məbləğ beynəlxalq məhkəmədə bütünlüklə təsdiqini tapmır. Bəzən 50%, bəzən isə daha da az məbləğ təsdiq edilir. Buna görə də Azərbaycan real faktlara söykənərək sübut edə biləcəyi maksimal məbləğin iddiasını irəli sürməlidir.
Təzminatın ödənilmə məsələsinə gəldikdə isə, iqtisadçı qeyd edib ki, Ermənistan əbədi bizimlə qonşu ölkə olaraq qalacaq. Əgər bu gün ödəniş qabilliyyətini itirmiş bir ölkədirsə, o zaman bunun qarşılığında digər kompensasiya üsulları yaranacaq:
"Məsələn, gələcəkdə respublikamızın karbohidrogen ehtiyatlarının beynəlxalq bazarlara çıxarılması zamanı Ermənistandan tranzit ölkə kimi istifadə ediləcəyi şübhəsizdir. Çünki Türkiyə vasitəsilə dünyaya çıxış Gürcüstanla müqayisədə Ermənistan xəttilə daha əlverişlidir. İstər neft-qaz boru kəmərləri, istər dəmir yolu daşımaçılığına görə Ermənistan tranzit ölkə kimi Azərbaycandan milyonlar qazanacaq. Zamanı gələndə bu vəsaitlər təzminatın bərabər məbləğ hissəsinə uyğun kompensasiya edilə bilər. Bu yarım əsrdən çox müddətdə güzəştli (və ya tam qarşılıqsız) tranzit ölkə kimi istifadə etmək potensialı yaradacaq"