Sentyabrın 27-cən başlanan və noyabrın 10 tarixlərində cəbhədə ağır məğlubiyyətindən sonra Dağlıq Qarabağ bölgəsindən çəkilən Ermənistanın Azərbaycana ödəcəyi mümkün kompensasiya hələ də müzakirə mövzusudur.
Son günlərdə bəzi erməni siyasət adamlarının Zəngəzurun kompensasiya qarşılığında Azərbaycana qaytarılması barəsində yayılmış fikirlərə münasibət də birmənalı deyil.
Ermənistan Respublika Partiyasının rəsmi nümayəndəsi Eduard Şarmazanov açıqlamasında bildirmişdi ki, Paşinyan bu pulun əvəzinə Zəngəzuru Azərbaycana verməyi təklif edəcəyi iddiasını irəli sürüb. Şarmazanov demidi ki, beynəlxalq məhkəmələr onsuz da Ermənistanın Azərbaycana ödəməli olduğu 50 milyard dollardan danışır. “Paşinyan yenidən danışıqlara gedəcək və deyəcək ki, Zəngəzuru sizə veririk, çünki 50 milyard dollarımız yoxdur” deyə o bildirmişdi.
FED.az xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Elman Sadıqov bildirib ki, bu mövzu müzakirələrə və mübahisələrə açıq bir mövzudur.
“Orta əsrlərdə Fransa-Almaniya arasında aparılmış müharibələrdə məğlub dövlət ya işğal etdiyi ya da tarixən işğal etdiyi əraziləri qalib tərəfə qaytarmaya məcbur olurdu. Həmçinin qələbə qazanan dövlət məğlub dövlət ilə sülh müqaviləsini bağlayarkən həmin anda kompensasiyanı torpaq ilə ödəməyi tələb edirdi. Əks halda yenidən müharibəyə başlayacağı ilə hədələyirdi. Yəni məğlub dövlət məğlubiyyətin bədəlini hansısa torpaqlar ilə ödəmişdir. Bu üsul kompensasiya ödənişləri Osmanlı-Səfəvi İngiltərə-Fransa, Prusiya-Fransa müharibələrində olmuşdur.
20-ci əsrdə də kompensasiya ödənişləri qarşılığında belə torpaq verilməsi təcrübəsi olmuşdur. Məsələn Sovet ittifaqı Almaniyanın bir sıra ərazilərini öz nüfuz dairəsinə almışdır.1946-ci ilə qədər Köniqsberq adlanan Kalininqradın SSRİ-yə verilməsi bu nüfuz almaya aiddir’’.
Elman Sadıqov deyir ki, burada çox önəmli bir məsələ də ondan ibarətdir ki, kompensasiya iddiaları təsdiqini tapacağı təqdirdə çökmüş Ermənistan iqtisadiyyatının vəziyyəti daha da ağırlaşacaqdır.
“Əgər biz Ermənistana qarşı kompensasiya iddialarını udsaq o zaman Ermənistanın iqtisadiyyatının gözünü açmağa imkanı olmayacaqdır. Unutmayaq ki, Ermənistan militarist bir rejimdir. Yəni silahlanmağa meyillidir. Artıq bu proses başlayıb. Əgər kompensasiya iddiaları irəli sürülərsə artıq Ermənistan üçün bu problemə çevriləcəkdir.
Burada ikinci çox önəmli məsələ odur ki, biz kompensasiya iddiaları qaldırmaqla Ermənistanı təzyiq altında saxlayacağıq. Bununla da bütün dünya Ermənistanın necə vəhşi bir dövlət olduğunu görəcəkdir.
Çünki komissiyaya gedən hər bir iddia Ermənistanı davamlı olaraq ciddi təzyiq altında saxlayan amildir’’.
Bəs kompensasiyanın hesablanması hansı qaydalara əsasən aparılacaqdır?
“Kompensasiyanın hesablanması zamanı əsasən torpağın qiymətləndirilməsi ilkin məsələdirsə burada ikinci çətinlik yaradan qiymətsiz mədəni abidələrə dəyər biçilməsidir. Mən düşünürəm ki, hətta bu qiymətləndirmə prosesi zamanı xarici mütəxəssisləri də dəvət edə bilərik’’.
Kompensasiyanın torpaq qarşılığında ödənilməsi iddiaları nə qədər real ola bilər?
“Əgər Ermənistan qərarı verilən kompensasiyanın əsas hissəsini ödəyə bilməzsə Ermənistan bunu müxtəlif vasitələr ilə məsələn torpaq verməklə kompensasiya etməlidir. Zəngəzur da öncədən işğal edilən bir ərazi olduğu üçün onun qaytarılması heç də istisna deyil. Əks halda müttəfiq olan böyük dövlətlərin Ermənistana ciddi təzyiqləri olacaqdır’’. (Metbuat)