Bizi kimi ölkələrdə çox tez-tez olur belə şeylər. Baxırsan, öz gücünə böyüyən bir şirkətdir. Bir müddət sonra nəyəsə görə qərara gəlir ki, mütləq ekspat gətirib işlətmək lazımdır. Biri var işdə xarici kimisə mütəxəssis kimi işlətmək, biri də var xaricdən müdir gətirmək. Bu ikisi fərqli şeylərdir. Mütəxəssis kimi gətirilən xaricilər daha adekvat olur, nəinki xarici müdirlər. Səbəbləri haqqında daha detallı yazacağam səbrli olun. Bu yazıda mən Sizə Azərbaycan şirkətlərində çalışan xarici müdirlərin mənfi cəhətlərindən danışacam. Ənənəmə sadiq qalaraq professional keyfiyyətləri ilə işlədiyi yerə əlavə dəyər qatan ekspatlara isə minnətdarlığımı bildirirəm. Təbii ki, heç nə hamıya şamil edilə bilməz. Mən isə mütləq çoxluqdan danışacağam.
Xarici müdirlər haqqında səhv formalaş(dırıl)an stereotiplər:
Əvvəla səhv formalaşan bir fikir var ki, xaricdə uğurlu bir şirkətin məsələn CEO-sunu gətirəcəksən və o eyni effekti verəcək. Şirkətlərimiz bunun n qədər əksini sübut edən keyslərlə doludur. Əvvəla ona görə ki, işin uğurunda bir nəfərin rolu varsa, zatən o işdə nəsə düz getmir deməkdir. Uğurda isə olduğun yerin iqtisadi şərtləri də çox mühüm rol oynayır. İcra daha çox önəmlidir. Azərbaycan futboluna dünya ulduzlarını məşqçi kimi dəvət etdilər xeyri olmadı. İşçinin, bizim misalda isə futbolçunun yerinə də çıxıb oynayası deyil ki adam?!
Digər səhv addım həmin xarici müdirin komandaya təqdimatındadır. Çox halda onu Zorro, ağ atlı oğlan, xilaskar mələk və s. qismində təqdim edirlər. Kobud şəkildə komandaya “Siz bilmirdiniz, bu gəlib göstərəcək” deyilir. Bu təqdimatdan da təbii olaraq, xarici müdir havaya girir. Fikirləşir ki, görəsən onun haqqındamı deyirlər ya nə. Öz tikdiyi məscid özünə möcüzə gəlir bir növ. Komandanın daxilində “əzilmişlik sindromu” yaranır. Elə ilk təqdimatdan komanda işi pozulmuş olur. Ekspat dəvət edilərkən adətən onun qalma, övladının təhsil xərcləri, hüquqi problemləri həll edilir. Hətta Bakıdakı bir çox ekspatlar şirkət hesabına xaricdə MBA falan da oxuyurlar. Təbii ki, bunlar digər yerli işçilərin önündə baş verdiyinə görə şirkət heç cür yerli işçiləri inandıra bilməz ki, maliyyə vəziyyətimiz, məsələn, zəifdir. Yerli o saat xarici işçi ilə müqayisə edir.
Xarici müdirlərin 7 qüsuru
1. Yaltaq yerlilər yaranır – xarici müdir işə başlayır. Bir anda əvvəllər hamıya sakit görünən biri bu müdirin yanında birtəhər olur. Xüsusi nəvaziş, çay, kofe gətirmələr, qapı açmalar, xoş iltifatlar və s. Qoca kişiyə cavan qızın “siz necə şık görünürsüz bu gün” və s. tipli sözlər. Başqa vaxt yerli işçi həmkarından söz götürməyən, “mənim atam heç üstümə qışqırmayıb” deyən işçilərə bu xarici müdir qışqırır da, arada zarafata basıb söyür də, amma di gəl ki, qəbuldur. Xarici müdirlərin adətən gülməli olmayan (güldüyümüz predmetlər eyni olmadığı üçün) zarafatlarına belələri “uğunub gedirlər”. Nə bilim, sonra canım Sizə desin, xarici müdirə həmkarı haqqında söz aparıb-gətirənlər də olur ki, elə onları yaltaqlandıqları xarici müdir ilk fürsətdə “baqaj”a qoyur. Bir dəfə mənim xarici müdirim digər həmkarımın mənim haqqqımda neqativ mailini monitorunu çevirib göstərmişdi, məsələn. Yerli işçilərdən bir qism xarici müdirə, xarici müdir özü isə ancaq təsisçiyə, sahibkara yaltaqlanır.
2. Davamlı “əzirlər” – Yuxarıda səhv atılan addımlardan biri kimi xaricinin komandaya “bəh-bəh”lə təqdimatından yazmışdım. Bu təqdimatdan sonra adam dərisinə sığmır. Başlayır komanda üzvlərinə yuxarıdan aşağı baxmağa. Hərdən haqq da verirsən adama. Çünki təsisçi və ya sahibkar bu xarici müdirin yanında yerli işçilərini elə aşağılayır ki, xarici müdir ondan sonra təbii ki, onlara hörmət etməz. Hələ inkişaf etmiş ölkədən gələn müdirdisə, iş bitdi. 70-80 milyonluq yerdən gələn hamı eyni səviyyədə ola bilməz. Məsələn, almanlar dəqiqdir, onlar proses saat kimi işləyir sözü hər bir almana aid deyil. Hələ nəzərə alsaq ki, ekspatların çox keyfiyyətlisi bura çox yaxşı maaşa, az keyfiyyətlisi də öz ölkəsində ala bilməyəcəyi maaşa, tuta bilməyəcəyi vəzifəyə gəlir.
3. Yerli ənənələrimizə hörmətlə yanaşmırlar – əvvəla çox maraqlı bir hal var. Məsələn, deyək ki, rus ekspat öz “stariy noviy qod”unu öz ölkəsində 10-15 gün keçirir, həm də bizim Novruzda gedir 1 həftə dincəlir. Heç yadımdan çıxmaz, bir iş yerimdə xarici işçinin biri iclasda durdu dedi ki, bəs siz pravoslavların bayramına hörmətlə yanaşıb icazə verirsiniz, amma katoliklər də başqa vaxt qeyd edir, mən o vaxt ölkəmdə olmalıyam. Əsəbimdən bilmədim nə deyim, söz aldım dedim ki, “əgər elədirsə, mən də imamın 7-si işə gəlmək istəmirəm”. Allahından 365 günün 125 günü qeyri-iş günüdür, bir də yerli bayramlarının hamısını da keçirir, yəni dincəlirlər. İlin 3 ayını konkret məzuniyyət, ezamiyyətlə fırladırlar. Onlar üçün iş təsvirində yazılan öhdəliklər, müqavilədə qeyd edilənlər bizim kimi kağız deyil, sökə-sökə hamısını istifadə edir. Amma öz işçimiz işin başında belə şeyləri danışanda “gəl başla, baxarıq, problem deyil”. Hay ədalətinə qurban a dünya
Sonra məsələn, Novruzda zadda yığışırsan harasa gedirsən, təbii olaraq, xarici müdiri də dəvət edirsən, gəlir, 15-20 dəqiqə qeyri-səmimi gülüşlər, yerinə düşməyən anekdotlar və təbii ki, buna qarnını tutan yerli işçilər də öz yerində. Hiss edirsən ki, içində sənin adətinə gülür, ona qəribə, çox geridə qalmış gəlir. Sadəcə özünü məcbur edir. Xarici müdir olduğu mühitə nə qədər tez adaptasiya olsa, o qədər komandanın rəğbətini qazanar. 15 il Azərbaycanda işləyib azərbaycan dilində bir cümlə qura bilməyən xarici ekspatlar ölkəmiz adına təhqirdir mənə görə.
4. Siyasətcil olurlar – mənim müşahidəm adətən uzunmüddətli plan qurmurlar şirkətin gələcəyi ilə bağlı. Quick-win-lərlə 1-ci mərhələni, karantini keçirlər. Etimad bir az qazanır, vəssəlam. Sonra başlayır asıb-kəsməyə. Az-maz da etimad qazanıb deyə kəsdiyi başın sorğu-sualı olmur. Xüsusən böyük holdinqlərdə adi işçi məsələsi o qədər xırda olur ki, ona vaxt itirmirlər. Yerli müdirlərdən üstünlükləri emosiyalarını gizlədə bilməsində olur. Yerlidə yenə bilirsən ki, bunun səndən xoşu gəlmir. Xarici isə səni çıxara, axşam da bowlingə dəvət edə bilər. Axırıncı zərbəni vurana kimi hiss etdirmir. Aram-aram alibiləri toplayır, sonra da səni elə söhbətə tutur ki, axırda az qalırsan özün deyəsən ki, “mən olsam özümü işdən çıxarardım”. Ruhun da incimir. Bu haldan təbii ki, ancaq şirkət itirir. Böyük şirkətlərdə baş verən bu balaca işləri çox adam bilmir, yuxarıya çatdırılmır, aşağılarda isə “altda qalanın canı çıxsın”. HR-lar da maraqlıdır ki, bir çox halda expat müdirin qanunsuz addımlarına qarşı işçini qorumur və ya başını ağrıtmaq istəmir. Onu gətirənə kimi min-bir əziyyət çəkilib deyə, xarici müdirlərə yönələn iradlarda haqlı çıxman nəzəri mümkün, praktiki isə qeyri-mümkündür. Onla davaya girmisənsə, 90% uduzmusan, bunu bilib bacara bildiyin qədər “sözdən itələməlisən ki, ürəyin soyusun, heç olmasa”.
5. Karusel – xoşagəlməz hallardan biri də budur ki, xarici müdirlərin bir çoxu hansısa formada ölkəmizə gəlir, sonra elə dərin kök salır ki, başlayır karusel kimi şirkətləri gəzməyə. 5 il burda bunu, 10 il orda onu fırlada-fırlada öz güzəranını yaxşılaşdırır. Ən maraqlısı isə adi halda bizi 10 il qabakı sevgilimizə qədər araşdıran HR-lar expat müdirin bir əvvəlki işindəki reputasiyası ilə ya maraqlanmır, ya da görməzdən gəlirlər. Praktikada çox görmüşəm – bir şirkəti yeyib-bitirib, bunu bilməyən yoxdur, amma di gəl ki, keçib əlini-qolunu sallaya-sallaya başqa şirkətə, indi də oranı gəmirir. Yerli yetimin qohum-əqrəbasını zadı yenə nəsə olanda axtarıb tapa bilirsən. Bunlarda isə çox çətindir. Gecə ilə çemodanı yığıb aradan çıxır. Xarici də vətəndaşdır deyə, qorxudan bir şey də edə bilmirlər. Bir dəfə eşitdim ki, bir şirkətdə xarici müdir puldan doyunca yeyib özünə Amerikada ev, “Ferrari” falan alır. “Facebook”dan evi, “Ferrari”ni görən şirkət rəhbəri həmin müdiri çox ciddi, lap çox ciddi cəzalandırır – işdən çıxarır. Bax belə. Yenə bazarda müşahidə edirəm ki, karusel davam edir. O gün böyük şirkətin rəhbər vəzifəsində olan birinə deyirəm ki, filankəs filan yeri qurutdu, həqiqətənmi araşdırmadınız necə rəhbər olub, necə idarə edib, referans almadınızmı. Deyir, düz deyirsən, ilk başdan araşdırmadıq, indi görürük ki, yola getmir. Özü də belə müdirlər bir şey olanda seyid cəddindən yapışan kimi müqavilə şərtlərindən yapışırlar. Müddətdən əvvəl yola saldınsa, az qala 5-6 aylıq təzminat falan alırlar.
6. Dil baryeri – bu danılmaz faktdır ki, Azərbaycanda bir şirkətdə hamı eyni dərəcədə xarici dil bilmir. Expat müdirlər isə xarici dil bilgisi zəif olan işçilərlə ünsiyyəti demək olar ki, sıfıra endirir. Hətta ürəyində “küsür” bəlkə də. Əvəzində kimsə başqa adam qəşəng şəkildə o dildə danışırsa, olur sevimlisi. O hamıdan ağıllı, hamıdan cəld və s. olur gözündə. Ən qıcıq olduğum məqam isə expat müdirin azərbaycan dilinə hörmətsiz yanaşmasıdır. 1 expat müdir və 10 nəfər yerli varsa, gözləyir ki, hamı onun dilində danışsın, qalanlarına tərcümə edilsin. Bu Azərbaycan dilinə qarşı konkret hörmətsizlikdir. Hətta həmin şirkət rəhbərləri agentliklərlə görüşdə falan, onların işçiləri agentliklərlə ünsiyyətdə olanda və s. yazışmaları xarici dildə edilməsini istəyirlər. Öz dilinə hörmət etməyən millətə heç bir başqa millət hörmət etməz.
7. Əksər halda öz ölkəsinin zayları - dekabrın sonu professional iş stajımın 15 ili tamam olur, az ünsiyyətdə olmamışam. Elə bil qəsdən seçirlər, harda zəifi, xaraktersizi var yığıb gətirirlər. İnanın ki, bəzi xarici müdirlər var ki, sırf onlara görə hələ də onlarin aid olduğu ölkəyə obyektiv yanaşa bilmirəm. Düzgün deyil bilirəm, amma alınmır.
Uzun sözün qısası, şirkətinizi böyütmək istəyirsizsə, yerli kadrların yetişməsinə şərait yaradın. Yəni sərçədən yapışın, qaranquş gəldi gedərdi.