Keçmiş ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovla müsahibəni sizə təqdim edirik. Eks-nazirlə söhbətimizdə bir sıra məqamlara toxunulub.
- Hüseyn müəllim, sizə də sirr deyil ki, vəzifədən ayrılmağınızın səbəbi hələ də ictimaiyyətin diqqətindədir. Amma bu suala keçməzdən öncə bir xeyli əvvələ qayıtmaq istərdim. Bir qisim insanlar düşünür ki, Hüseyn Bağırov vaxtilə birdən-birə nazir təyin olunub. Sizin belə düşünənlərə cavabınız nədir?
- O zaman lap əvvəldən başlayaq. Hələ sovetlər dövründə Azərbaycan Komsomol Təftiş Komissiyası Mərkəzinin sədri seçilmişdim. 1982-ci ildə ulu öndər Heydər Əliyev Moskvaya getməzdən əvvəl komsomolun qurultayında iştirak etdi. Düzü, mənim üçün çox qəfil oldu. Öncədən kimsə mənimlə bu barədə danışmamışdı. Həmin vaxt qurultayda Təftiş Komissiyasının sədri seçildim. İctimai əsaslarla olsa da, yetərincə yüksək vəzifə idi. Onu da deyim ki, o zamanlar da siyasi karyera arzusu ilə yaşamırdım və heç bir vəzifəyə iddialı deyildim.
ELƏCƏ DƏ BAX: İşdən çıxarılan Aparat rəhbəri barədə - SƏRƏNCAM
1990-ci illər də çox ağır illər idi. Zaqafqaziya Komsomol və Ali Partiya məktəblərdə müəllim işləyirdim. 20 Yanvar qırğını insanların təfəkkürünə , həyata baxışlarına, ümumiyyətlə əhvali-ruhuna ciddi təsir göstərmişdi.
Yanvarın 20-də səhər 5-6 radələrində bir neçə şəxs, o cümlədən Rasim Müzəffərli (AMEA İqtisadiyyat İnstitunun direktoru - Nazim İmanovun qardaşı), Fəxrəddin Qurbanov (O zaman Komsomolun Mərkəzi Komitəsində çalışırdı. Son zamanlar ölkəmizin Kanadada, Böyük Britaniyada səfiri olub), Şirzad Əfəndiyev (Komsomolun Mərkəzi Komitəsində çalışırdı, sonra bizneslə məşğul oldu. Artıq rəhmətə gedib) və başqaları ilə birlikdə bir bəyanat hazırlayıb, imzaladıq (Mətnin əsas müəllifi də elə deyəsən Rasim Müzəffərli idi) .
Bu mətn Sovet İttifaqı Kommunist Partiyasının və Azərbaycan Kommunist Partiyasının Mərkəzi komitələrinin fəaliyyətini qəti şəkildə pisləyən bir bəyanat idi. O vaxtlar xariclə yeganə əlaqəsi olan “Sputnik” gənclər turizm təşkilatı vardı. Həmin vaxtlar internet də yox idi. Telefon əlaqəsi də kəsilmişdi. Heç kim Azərbaycanda nə baş verdiyini bilmirdi. Həmin müraciəti turizm şirkətlərinin vasitəsi ilə Polşanın turizm şirkətinə, o da BBC-yə ötürmüşdü. BBC bəyanatı səsləndirmişdi. Həmin adamların heç birinin siyasi iddiası yox idi. Sadəcə, hamımız Kommunist Partiyasından çıxaraq, biletlərimizi cırıb atdıq. Onda heç bir dövlət işi məni maraqlandırmırdı. Elə həmin vaxtlarda da sevdiyim müəllimlik işi ilə məşğul idim. Demək istədiyim odur ki, 2000-ci ilə qədər ağlımda nazir olmaq, hər hansı vəzifəni tutmaq kimi bir şey olmayıb.
- Və 2000-ci ildən başlayaraq həyatınızda nazir səhifəsi açıldı. Siz nazir olmağı xəyal etməsəniz də, bu vəzifəyə həsrətlə baxanlar az deyildi. Maraqlıdır, vəzifənin müsbət tərəfləri varmı?
- Ulu öndərin qərarı ilə nazir postuna təyin edildim. Bu təyinat mənim üçün gözlənilməz idi. Təbii ki, bu məqamda nizam-intizam da göstərmək lazımdır. Qaldı ki, nazir olmağın müsbət tərəflərinə, öz payıma danışacam. Çünki hər kəs öz həyatını yaşayır. Ola bilsin ki, nazir vəzifəsi kimlər üçünsə cazibədardır. Buna əlçatmaz arzu kimi yanaşanlar da çoxdur, haqqında mənfi obraz yaradanlar da az deyil. Onu deyə bilərəm ki, stresslə dolu həyatdır. Səhhətimdə problemlər yarandı. Ölkə rəhbərinə müraciət etdim, Cənab Prezident də məsələyə həssas yanaşdı. Buna görə ona dünya qədər minnətdaram.
Cənab Prezidentin köməkçisi məni yeni nazirin təqdimatına dəvət etdi, nazirliyin ünvanına ölkə rəhbərliyinin adından xoş sözlər dedi. Mənə də söz verdi, ölkə rəhbərliyinə öz təşəkkürümü bildirdim, yeni nazirə uğurlar arzu etdim və sivil bir şəkildə kollektivlə vidalaşıb, getdim. Bu gün də səhhətimlə məşğulam. Deyəsən, sualınıza bir qədər uzun cavab verdim.
- Hər halda ətraflı cavab daha yaxşıdır...
- Ümumiyyətlə, dövlət qulluğuna münasibətim fərqlidir. Hiss edirəm ki, çoxları bunu anlamır. Bir hadisəni danışmaq istərdim. Bu yaxınlarda sosial şəbəkə vasitəsilə vaxtı ilə işə götürdüyüm bir gənc dövlət qulluqçusu mənə müraciət etmişdi. Anlatdığım odur ki, dövlət qulluğuna imtahan verib və keçib. Onu iddialı olduğu təsnifatdan bir az aşağı olan işə götürüblər. Soruşmuşam ki, “Tarix fakultəsini bitirmisən, ekologiyada nə işin var?!”. Güman ki, o da ürəyində düşünüb ki, “sən də “tarix”i bitirmisən. Bəs burda nə işin var?!”. Ona o zaman dedim ki, dünyada ən gözəl karyera vəzifə ilə ölçülməyən akademik karyeradır, müəllim karyerasıdır. Orada vacib deyil ki, sən dosent, professor olasan. Lütfi Zadənin hansısa dərəcələrinin olduğunu heç kəs bilmirdi. Lütfi Zadə adı özü belə elmi dərəcə kimi səslənirdi. Hətta, bu sözü də həmin gəncə demişəm. Təbii ki, həmin gənc dediklərimə etiraz etdi. Hətta rişxəndlə, “yenidən nazir olsaydınız, yenə də gənclərin yolunu kəsərdiniz?!” dedi. Hərbi xidmətdə olub-olmadığını soruşdum. Hələ ki “hərbi borcu”nu vermədiyini söylədi.
Belə bir sual yaranır: necə olur ki, dövlətin hərbi qulluğu borc sayılır, mülki qulluğa isə mükafat kimi baxılır? İmtahan vermişəmsə, deməli mənə mükafat düşür?..
- Toxunduğunuz məqamlarla tez-tez rastlaşırıq. Söhbət bəzi məmurların özbaşınalığından gedir.
- Vicdanlı məmurlar da çoxdur. Təcrübəmdə elə hallar olub ki, insana şəxsi simpatiyam olmayıb, lakin görürdüm ki, işi bacarır və vəzifəyə təyin edirdim.
- Bəzi hallarda vəzifədə oturan məmurun böyük biznes şəbəkəsindən hamı xəbərdar olur. Elə ki vəzifəsi əlindən alındı, biznes şəbəkəsi ortaya qoyulur.
- Buradakı münasibətdə əlavə tənzimləyici, dəqiqləşdirici məqamlar çoxalmalıdır. İllər boyu hansısa şəxs qanuni yollarla, əziyyətlə iş yaradır, vergisini ödəyir. Bir zaman onu dövlət işinə cəlb edirlər və o da vicdanla çalışır. Daha sonra ümumi dəryazla mətbuat, cəmiyyət onu da biçir. Bəzən ömründə vergi verməyən, yaxud da az vergi verən adamlar yüksək vergilərlə cəmiyyətin inşaatına dəstək verən, öz təşəbbüskarlığı ilə yaxşı işlər görən insanları da incidirlər. Halbuki, həmin insanların nə qədər vergi ödədiyi ilə maraqlanmırlar. Bu məqamlarda aydınlıq olmalı, cəmiyyət yetkinləşməlidir. Özümüzə kənardan baxmağı bacarmalıyıq.
Ölkəmiz tarixi baxımdan yol ayrıcında yerləşir. Cənubdan-şimala, şimaldan-cənuba, şərqdən-qərbə, qərbdən-şərqə insanların tarixən axın etdiyi yol üstündə yerləşmişik. Hind-avropalılar, ərəblər və başqaları öz işğal siyasətini, ideologiyasını tətbiq etməyə çalışıb. Fikir vermisiniz: ən ucqar kəndlərdə evlərin içi həmişə təmiz saxlanılır. Amma ən ucqar kənddə belə, evdən çölə çıxanda məişət tullantılarının qalaq-qalaq yığıldığının şahidi olacaqsınız. Bu hal indi də müşahidə olunur. Bir növ insanlarda belə təsəvvür var ki, içəri mənimdir, çöl özgənin. Ola bilsin ki, bu, çoxsaylı işğallara öyrəşmədən irəli gəlir. Çölün özgənin nəzarətində olduğunu düşünüb, passiv bir mövqe sərgiləyirlər. Bəzən qanunlara da riayət olunmur. Ölkələr var ki, qanunun icra olunması üçün dövlət ciddi səy və güc tətbiq etmir. İnsanlar könüllü şəkildə buna riayət edir. Düzün və əyrinin aydın və hamı tərəfindən qəbul edilən meyarı mövcuddur və hamı hər kəsi bu aydın meyarla dəyərləndirir. Bizdə vəziyyət bir az daha mürəkkəbdir. Dediyim odur ki, kiminsə biznesi varsa, bu, ona qarşı nifrət üçün əsas olmamalıdır. Təbii ki, əgər o, bu işi qanunlara hörmətlə, öz zəhməti bahasına və ictimai vəzifələrdən sui-istifadə etmədən görübsə. Deyəsən bir qədər mətləbdən uzaqlaşdıq.
- Hüseyn müəllim, ekologiya və təbii sərvətlər naziri olduğunuz dönəmlərdə təbiətə çox həssas yanaşdığınız söylənilir. Bu həssaslıq indi də qalırmı?
- Azərbaycanda elə bir insan tapılmaz ki, “təbiəti sevirsən?!” sualına “yox” desin. Mütləq “bəli” deyəcək.
- Bəziləri təbiətin qoynunda kabab yeməyi də təbiətə sevgi hesab edir.
- Əksinə, bu sevgi deyil. Bu təbiəti istehlak etməyi sevməkdir. Hətta kabab bişirməsən belə, təbiətin vizual mənzərəsinə baxmaq da istismardır. Bu o deməkdir ki, təbiəti istismar etməyi sevirsən. Bir də var ki, təbiəti ana məhəbbəti ilə sevirsən. Böyüdükcə, əksəriyyət anlamağa başlayır ki, ananı qayğı ilə, onun üçün nə isə etmək istəyi ilə sevmək gərəkdir. Ana təkcə ona görə sevilməli deyil ki, sənin uşaqlıqda qayğına qalıb. Sadəcə sevməlisən ki, ana var və o, sənin qoruyucu mələyindir.
Təbiətə də münasibətdə fərqli yanaşma hökm sürür. Böyük əksəriyyəti təbiəti istismar etməyi ona sevgi kimi başa düşür.
- Hər halda, sırf kabab məsələsində bu sevginin azlığını demək istəyirsiniz.
- Əlbəttə. Kimsə ailəsini götürüb təbiət qoynuna gedirsə və dağların qoynunda ağacların budağını qoparıb tonqal qalayıb kabab bişirirsə, bu sevgi deyil. Təbiətə sevgi elədir ki, özünü məhdudlaşdırırsan. Məsələn, Milli parklarda, qoruqları yaradanda insanlar bəzən qəzəblə “indi həmin ərazilərə giriş tənzimlənəcək?” deyirdi. Baxın, bütün qorunan ərazilər insan ayağı dəyməyə icazəsi olmayan statuslu yerlərdir. Qoruqlar ölkə ərazisinin 4-5% -ni təşkil edir. Heç olmasa 4-5% ərazini digər canlılar üçün saxlayaq. Niyə onun qaldığı yerlərə getməlisən?! İndi bir çox insanlar zooparkların, sirklərin düzgün olmadığını düşünür. Təbiəti, heyvanları görmək istəyirsənsə, elə et ki, heyvanlar səndən qorxmasın. Çünki o canlıların da azad yaşamaq hüququ var. Azərbaycan deyəndə onun ceyranı yada düşür, Azərbaycan deyəndə onun bəbiri yada düşür. 1968-ci ilə qədər onun pələngi yada düşürdü. 1938-ci ilə qədər pələng ovuna lisenziya verilirdi. 1968-ci ildən ölkəmizə pələng yoxdur. Məgər, ölkə pələngsiz kasadlaşmadı?!. Artıq ölkənin pələngi olan obrazı yoxdur. Ölkənin əsas hissəsinin adı Şirvandır, “şir, aslan” sözlərindəndir. XVII əsrdə sonuncu aslanlar yox oldu. Nəyin hesabına?! Kim onları sıxışdırdı?! İnsanlar onların yaşayış arealını daraldıb məhv etdi.
- Təbiətin istismar edilməsi məqsədli şəkildə aparılır. Məsələn, hansısa xəz-dəri üçün qiymətli heyvanlar ovlanır.
- İnanmıram ki, Azərbaycanda 1938-ci ilə qədər heyvanları geyim üçün öldürürdülər. Düşünürəm ki, öldürən sadəcə həvəskar ovçudur. Bildiyiniz kimi, cənab prezidentin tapşırğı ilə rayonlarda qəbul keçirirdik. Müraciətlərin 30-35%-i ovçular tərəfindən olurdu. Ov etməyin haqları olduğunu deyirdilər.
- Bu cür məqamlarda hücumlar da istisna deyil. Hər halda, belə hallarla qarşılaşmısınız. Çünki vəzifənin bu üzü də var.
- Milli Park yaradılanda deyirdilər ki, “qəsdən yaradır ki, bizi ora buraxmasın”. Halbuki, belə deyildi. Məsələn, Şahdağ Milli Parkının yaradılması barədə qərar 1998-ci ildə qəbul edilib. O zaman heç hökumət işində çalışmaq ağlımda belə, yox idi. Öz xoşbəxt müəllim həyatımı yaşayırdım.
- Tələbələrlə işləmək sizi çoxmu qane edib? Çünki nadir halda kimsə sadə müəllimliyi vəzifədən üstün tutsun. Tələbə auditoriyasından aldığınız zövqü bölüşmənizi istərdik.
- Bilirsiniz, auditoriyaya daxil olanda, fikirlərini sistemləşdirib onlara izah edəndə, tələbələrin gözündə boş ifadənin maraqla dəyişdiyinin şahidi olursan. Bu zaman tələbənin beynində suallar formalaşır, o düşünməyə başlayır. Tələbələrin gözləri beyinlərindən xəbər verir. İlk baxışdan bunları hiss edirsən. Bu təsəvvüredilməz dərəcədə mükafatdır.
- 18 il nazir postunda çalışmanıza baxmayaraq, etiraf edirsiz ki, pedaqoji sahədə özünüzü daha xoşbəxt hiss edirsiz.
- Yenə deyirəm. Ölkən üçün nəsə etməlisən. İş tapşırılırsa, xalqın üçün, dövlətin üçün vicdanla yerinə yetirməlisən. Buna söz yoxdur. Buna qarşı olmaq istəmərəm. Bir çox işlərdə çalışmışam. Yeniyetmə yaşında da işləmişəm, tələbə olan dövrdə də çalışmışam. Ona görə də müəyyən qədər müqayisə etmək şansım var. Bu baxımdan deyə bilərəm ki, həyata ən çox işıq gətirən müəllim işığıdır.
- Etiraf etməyi həmişə bacarırsızmı?
- Təsadüfi deyil ki, bir çox dinlər iddia edir ki, ilahi insanın qəlbində yaşayır. Yaxşı və pisi, düz və əyrini, haqq və nahaqı ayırmağa kömək edən kamerton həmişə insanın içindədir. İstənilən hadisəyə, fakta, hər situasiyaya münasibətdə nəyin düzgün olmasını içində axtaranda tapa bilirsən. Axtarıb tapmaya da, yanıla da bilərsən. Amma diqqətlə axtaranda düzgün yanaşma tapacaqsan. Bu mütləq kimlərinsə, hətta sənin özünün maraqlarına uyğun gəlməyə bilər.
İstənilən məsələyə münasibəti araşdırıb düzgün nəticəni tapmaq olur. Bəzən deyirik ki, insan təfəkkürlü olduğuna, ədalətli olmağı bacardığına görə insandır. Lakin, bu nisbi anlayışdır. Məsələn, təbiətdə qoca bir şir pusqu qurub nəsli kəsilməkdə olan cavan bir ceyranı tutub parçalayırsa, bu, ədalətsizlik deyil, adi işdir. Amma insanın insan olması üçün təkcə onun düzgünlüyü yetərli deyil. Bu azdır. Sən hətta özünə belə sərf etməyəndə düzgün mövqe qurmağı bacarırsansa, o zaman insan olursan.
- Siz həm də qubalısınız. Doğulduğunuz evə, yurda baş çəkirsinizmi?
- Əvvəllər gedə bilmirdim. Amma səhhətimdə problemlər yaşayandan sonra çalışıram ki, tez-tez gedim. Həmçinin, doğulduğum torpağa gedəndə bir rahatlıq tapıram. Dağlarda saatlarla gəzəndə özünü çox xoşbəxt hiss edirsən. Heç nə sənə mane olmur. Duyğularınla, təbiət mənzərələrinlə baş-başa olursan.
- Keçmiş Baş nazir Artur müəllimlə də o vaxtdan bəri əlaqə saxlamamısınız?
- Yaxşı sualdı. Yəqin ki, əlaqə saxlayacam.
- Artur müəllimlə 18 il bir hökumətin tərkibində çalışdınız. Necə xatırlayırsını Artur müəllimi?
- Çox yaxşı bir insan kimi...
- Bu yaxınlarda “NKVD-nin qəbiristanlığı” deyilən yerdə Mikayıl Müşfiqə aid olduğu iddia olunan sümüklər aşkarlandı...
- Bir məqalədə oxudum ki, qohumu deyir ki, Mircəfər Bağırov gəlib tapança ilə vurub. O, ölkənin birinci katibi idi. O, tapança ilə kamera-kamera gəzən adam deyildi. Fakt da sübut edir ki, belə şey olmayıb. Bu qədər bəsit düşünmək olmaz. Bu, onu göstərir ki, biz öz tariximizi öyrənməyə hələ ehtiyac duymuruq, tariximizdən qidalanmırıq. Yanlış tarix bizə nə dərs verə bilər? Həqiqəti bilmək lazmdır ki, gərək tarixdən dərs çıxara biləsən.